Beverli Hillsdə böyük uğurla Azərbaycan-Amerika biznes forumu keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-ın qərb regionunda sayca dördüncü ikitərəfli forum təşkil edildi. Səfər çərçivəsində Azərbaycanın Kaliforniyadakı nümayəndə heyətinə Əli Abbasov başçılıq edirdi.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-ın qərb regionunda sayca dördüncü ikitərəfli forum təşkil edildi. Səfər çərçivəsində Azərbaycanın Kaliforniyadakı nümayəndə heyətinə Əli Abbasov başçılıq edirdi.
Kaliforniya ştatının dövlət maliyyə nəzarəti xidmətinin rəhbəri Jon Çanq (John Chiang) tədbir iştirakçıları qarşısında təbrik nitqi ilə çıxış etdi. O, ştatın iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici tərəfdaşlarla uzunmüddətli biznes əlaqələrin vacibliliyini vurğuladı. O, Azərbaycan nümayəndə heyətinin üzvlərinə səfərə və Kaliforniya ilə əməkdaşlıqda göstərdiyi marağa görə öz təşəkkürünü bildirdi.
Öz növbəsində Los-Anceles dairəsinin şerifi Leroy Baka (Leroy Baca) bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşdü, xüsusilə Prezident Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkənin iqtisadi inkişafını xüsusi qeyd etdi. Regiondakı münaqişələrin tezliklə nizama salınacağına ümid etdiyini bildirən şerif Baka regionun inkişafı üçün biznes dairələr tərəfindən göstərilən səylərin əhəmiyyətindən danışdı.
Sonra forum iki seminar formasında keçirildi. Birinci seminarda Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, məşhur amerika politoloqu və STRATFOR analitika mərkəzin rəhbəri Corc Fridman (George Friedman), Beverli Hillsin sabiq meri Cimi Delşad (Jimmy Delshad), Boinq şirkətinin vitse-prezidenti Martin Bentrot (Martin Bentrott) və Orbital şirkətinin vitse-prezidenti Maykl Do (Michael Do) iştirak etdilər. Seminarı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Suleymanov apardı.
Nazir Abbasov çıxışında hökümətin Azərbaycanda aparıcı texnologiyaların inkişafına və ölkədə regional İKT mərkəzinin yaradılmasına yönəlmiş siyasətindən, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda xarici şirkətlər üçün yaradılan imkanlar barədə danışdı. Azərbaycanın strateji əhəmiyyətini qeyd edən Corc Fridman ABŞ-ın maraqları nöqteyi-nəzərdən regionda Amerika şirkətlərinin mövcudluğunun zəruriliyini qeyd etdi. Bir neçə il əvvəl Bakıya səfər edən Cimi Delşadın fikrincə, Azərbaycanın paytaxtı dünyanın ən gözəl və sürətlə inkişaf edən şəhərlərindən biridir. Delşad mer işlədiyi müddətdə şəhər idarəetməsində texnologiyaların tətbiqi üzrə bir sıra konkret təşəbbüslərin həyata keçirilməsinə etdiyi köməyə də toxundu. Aviasiya və kosmik tədqiqatlar sahəsində Azərbaycanla uğurlu əməkdaşlıq barədə danışan Boinq və Orbital şirkətinin nümayəndələri azərbaycanlı tərəfdaşlarının peşəkarlığını yüksək qiymətləndirdilər.

Forumun ikinci seminarını Çapman universitetinin professoru Ceyms Koyl (James Coyle) apardı. Seminarda işgüzar dairələrin nümayəndələri çıxış etdilər: «Sinam» şirkətinin rəhbəri Elçin Əliyev, «Ultra» şirkətinin prezidenti Tahir Mirkişili,  «Qtel» şirkətindən Ceyhun Mollazadə, «SilverKey»dən Fərid İsmayılzadə,  «Cybercom»dan Brus Hakimi, «WestCoastConnections» şirkətindən Elşən Baloğlanov və Trans-Avrasiya informasiya magistralı layihəsinin nümayəndəsi İlyas Naibov-Əylisli. Seminar iştirakçıları Azərbaycandakı iş təcrübələrini bölüşdülər və konkret əməkdaşlıq imkanlarını müzakirə etdilər.
MontageBeverlyHills adlı nüfuzlu oteldə keçirilən forumun işində Kaliforniyanın işgüzar dairələri, yerli hökümət orqanlarının və diplomatik korpusun bir çox nümayəndələri iştirak etdilər.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün