Muzey Mərkəzində Vahid Kitabxana İdarəetmə Sisteminin təqdimatı keçirildi

28 noyabr 2013-cü il tarixində  Muzey Mərkəzində  Beynəlxalq konsorsium çərçivəsində müasir platformada yaradılmış ALISA - Vahid Kitabxana İdarəetmə Sisteminin təqdimatı keçirildi. Tədbirin açılışında, kitabxana sistemlərinin inkişaf yolunu özündə əks etdirən film nümayiş olundu.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  çıxış etdi. Onun sözlərinə görə  bu günə qədər Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərirdi ki,  bu sistemlər arasında inteqrasiya və onlara müasir standartlara cavab verən yanaşma mövcud deyildi: “Biz böyük çətinliklərdən, zəhmətdən sonra bu sistemi ərsəyə gətirə bildik. Mütəxəssislər sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübələrindən faydalanıblar. Hesab edirəm ki, bu, bizim kitabxana sistemi üçün olduqca vacib və əhəmiyyətli bir işdir. Məqsədimiz Azərbaycanda kitabxana sisteminin inkişafını müasir standartlara uyğunlaşdırmaqdır”. Yeni sistemin oxucuların və kitabxana əməkdaşlarının istifadəsinə verilməsini Azərbaycan kitabxana işinin uğuru kimi qiymətləndirib.

Daha sonra ULTRA şirkətinin idarə heyətinin üzvü Tahir Mirkişili Vahid Kitabxana İdarəetmə Sistemi haqqında məlumat  verdi. ALISA (Automated Library Information System of Azerbaijan) “Ultra” şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün hazırlanmış Azərbaycanın vahid kitabxana sistemidir. Sistemin hazırlanması zamanı kitabxana sistemləri üzrə dünya təcrübəsindən istifadə edilməsi ilə yanaşı, Azərbaycanın kitabxana sisteminin özünəməxsusluqları da nəzərə alınıb. ALISA, son bir neçə ildə genişmiqyaslı sistemlərin hazırlanması üçün ideal alətlər toplusu olan JAVA və "Oracle" platformalarının əsasında işlənib hazırlanıb. . Bu səbəbdən, sistemin hazırlanmasında qabaqcıl texnologiyalardan istifadə olunduğunu və bu texnologiyaların yaxın illər ərzində öz aktuallığını saxlayacağını inamla söyləmək olar.

ULTRA şirkətinin Biznesin İnkişafı üzrə direktoru Məhəmməd Zülfüqarlı qeyd etdi ki, sistemin onlayn rejimdə çalışması, bura dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb. Bura kataloqlaşdırılma, komplektləşdirmə, kitab sifarişi, kitabların verilişi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları aid etmək olar. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. Əlavə olaraq qeyd etmək olar ki, ALISA müxtəlif hüquqlar sisteminə malikdir. Bu isə öz növbəsində istifadəçiyə proqramdan istifadə üçün məhdud yaxud tam hüquqlar vermək imkanı yaradır.

Eyni zamanda , layihə çərçivəsində  xüsusi portal yaradılıb. Portalda ölkənin bütün kitabxana saytları yer alıb. Burada kitabxana haqqında məlumat almaq, müxtəlif xəbərlər, elanlar və tədbirlələrlə tanış olmaq, fonda yeni daxil olan kitablar və s. barədə informasiya əldə etmək olar. Bundan başqa, portalda, oxucular öz rayonlarında yerləşən kitabxanada qeydiyyatdan keçib, kitab sifariş etmək imkanı qazanır. Həmçinin, şəxsi kabinetdə sifariş edilmiş və geri qaytarılmalı olan kitablar barədə məlumat əldə edə bilər.

Hazırda Səbail, Nərimanov və Xətai rayonlarının mərkəzi kitabxanalarında sistemin sınaq istifadəsi həyata keçirilir. Bu prosses sistemi sazlamaq və mükəmməl səviyyəyə çatdırmağa imkan verəcək. Sınaq müddətinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Daha sonra sistemin tammiqyaslı istifadəsi həyata keçiriləcək.

Ölkənin bir çox rayon kitabxanalarında internet şəbəkəsinin olmadığını nəzərə alaraq, paralel olaraq, proqramın offlayn versiyasının hazırlanması üzərində işlər aparılır. Offlayn versiya, onlayn versiya ilə eynilik təşkil edəcək. Yeganə fərq, burada mərkəzi serverlə məlumat mübadiləsinin əl ilə həyata keçirilməsidir. Offlayn versiya, həmçinin, mərkəzi bazaya malik olmayan müəyyən təşkilatların kitabxanalarında ALISA-dan istifadə etmək imkanı yaradır.  Hazırda ALISA sistemindən Gəncədə yerləşən Heydər Əliyev adına Mərkəzdə, Naxçıvandakı Gənclər mərkəzinin kitabxanasında və digər yerlərdə istifadə edilməsi planlaşdırılır. ALISA-nın yazılma üsulu onun müxtəlif kitabxana avadanlıqlarına asanlıqla inteqrasıyasına şərait yaradır. Bura kitabın istifadəçiyə verilməsi, kitabın sonradan izlənməsi ilə növbəli sifarişi, xüsusi köşklər, vasiləsilə oxucunun ikinci tərəfin müdaxiləsi olmadan qeydiyyatı, kitabın oğurlanması cəhdlərinə qarşı nəzərdə tutulmuş müdafiə sistemi və s. avadanlıqlar daxildir. Qeyd etmək istəyirik ki, oxucu qeydiyyatı köşkü dünyada analoqu olmayan bir qurğudu. Ultra şirkəti tərəfindən hazırlanan qurğu, yalnız şəxsiyyət vəsiqəsi olmaqla oxucu qeydiyyatını apara bilir. Köşk, oxucunun şəxsiyyət vəsiqəsindən məlumatları oxuyaraq, və həmçinin onun şəklini çəkərək oxucunu sistemə daxil edir və ona xüsusi RFİD-kart üzərində oxucu bileti çap edir.Bu bilet ilə kitabxanada olan bütün avadanlıqlardan istifadə etmək olar.

Tədbirdə bu köşk xüsusən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayeva göstərilib, və qurğu vasitəsilə cənab Nazirə oxucu bileti verilib.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün