İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sistemi tətbiq olunacaq

İqtisadi İnkişaf Nazirliyində informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi, iş prosesinin müasir elektron sistemlər vasitəsilə aparılması, həmçinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramından (Elektron Azərbaycan)" irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sisteminin texniki tapşırığının hazırlanması, sistemin yaradılması və tətbiqi ilə bağlı elan edilmiş tender başa çatmışdır.

Azərbaycan, Türkiyə, Rusiya və İsraildən 14 şirkətin iştirak etdiyi tenderdə yerli "ULTRA" şirkəti (Microsoft Gold Partner) qalib gəlmişdir. Şirkət tərəfindən Nazirlikdə ən müasir Microsoft texnologiyaları əsasında hazırlanmış və beynəlxalq sınaqlarda yoxlanılmış "Megapolis DocNet" məhsulunun tətbiqi planlaşdırılır.
Artıq "ULTRA" şirkəti İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sisteminin tətbiqinə hazırlıq istiqamətində ilkin işləri başa çatdırmaqdadır. Nazirlikdə bu məqsəd üçün xüsusi İşçi Qrup yaradılmışdır.

İlkin mərhələdə "ULTRA" şirkəti tərəfindən Nazirlikdə elektron sənəd dövriyyəsi, kadrların idarə edilməsi və vətəndaşların müraciətlərinə baxılması prosesində altsistemlərin tətbiqi nəzərdə tutulur. Sənədləşmə işində altsistemlərin tətbiqi sənədlərin hazırlanması və onların aidiyyəti üzrə çatdırılması zamanı vaxta qənaət etməyə və operativliyin təmin olunmasına geniş imkan yaradacaq, insan resurslarından daha az istifadə edilməsini və kağız sərfini aradan qaldıracaq. Vətəndaşların müraciətlərinə baxılması prosesində altsistemlərin tətbiq olunması istər yazılı, istərsə də şifahi müraciətlərə qısa müddətdə baxılmasına və cavablandırılmasına şərait yaradacaq, proseslərin şəffaflığını təmin edəcək. Kadrların idarə edilməsi sistemində altsistemlərin tətbiqi isə kadrların profesional bacarıqlarının artırılmasına və əməyin obyektiv qiymətləndirilməsinə imkan yaradacaq.

İkinci mərhələdə isə "ULTRA" şirkəti Nazirliyin digər funksiyalarına aid sahələrdə altsistemlərin tətbiqini həyata keçirəcək.

Ümumiyyətlə, elektron idarəetmə sisteminin Nazirliyin mərkəzi aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda, həmçinin regional bölmələrində tətbiqi nəzərdə tutulur.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün