Ultra şirkəti tərəfindən hazırlanaraq İqtisadi İnkişaf Nazirliyində tətbiq edilmiş "Elektron İdarəetmə Sistemi"-nin təqdimatı keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" və bu Strategiyanın icrasını nəzərdə tutan dövlət proqramları (Elektron Azərbaycan) çərçivəsində İqtisadi İnkişaf Nazirliyində bir çox işlər görülmüş, müasir texnologiyaların yaratdığı imkanlardan geniş istifadə edilmişdir..

 

İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, "Microsoft", "ULTRA" və "Azerfon" şirkətlərinin dəstəyi ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü islahatlar, irimiqyaslı layihələr ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin rifahının yüksəlməsini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişdir. İqtisadiyyatın müxtəlif sahələrində müşahidə edilən artım tempi informasiya-kommunikasiya texnologiyaları sahəsində də müşahidə edilməkdədir. İKT sektoru davamlı iqtisadi inkişafa nail olmaq üçün əsas vasitələrdən hesab edildiyindən ölkəmizdə bu sahənin inkişafına, iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiqinə böyük önəm verilir. Təsadüfi deyildir ki, İKT sektoru dövlət başçısı tərəfindən neft sektorundan sonra ölkə iqtisadiyyatının prioritet sahəsi kimi bəyan edilmişdir. "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində İqtisadi İnkişaf Nazirliyində bir sıra işlərin görüldüyünü qeyd edən Sevinc Həsənova müasir texnologiyaların tətbiqinin Nazirliyin fəaliyyətində səmərəliliyin yüksəlməsinə, icra strukturu ilə vətəndaşlar və digər dövlət qurumları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına müsbət təsir göstərdiyini, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə İqtisadi İnkişaf Nazirliyində görülmüş işləri müsbət qiymətləndirmişdir.

"Microsoft" şirkətinin Orta və Şərqi Avropa, Afrika üzrə direktoru Mustafa Kılıçaslan çıxışında dünyada "Elektron hökumət"ə yanaşma, eləcə də müasir texnologiyaların tətbiqinin dövlət idarəçiliyinin təkmilləşdirilməsində rolu barədə məlumat vermişdir.

Azərbaycan hökumətinin İKT-nin inkişafına göstərdiyi diqqətin təqdirəlayiq olduğunu vurğulayan Mustafa Kılıçaslan, bu sahədə görülmüş işlərdən məmnunluğunu ifadə etmişdir.

İqtisadi İnkişaf nazirinin müşaviri Tahir Mirkişili Nazirlikdə yaradılmış elektron idarəetmə sistemi çərçivəsində müasir DATA Mərkəzin qurulduğunu, "Microsoft" şirkətinin lisenziyalı proqram təminatının alındığını, vahid platformada çalışan veb interfeysli elektron sənəd dövriyyəsinin, kadrların elektron bankının, elektron maliyyə sisteminin yaradıldığını və elektron imzanın tətbiqinə başlanıldığını qeyd etmişdir. Bildirilmişdir ki, artıq Nazirlikdə daxili yazışma tamamilə elektronlaşdırılmışdır. Hazırda Nazirlikdə elektron xidmətlərə keçilməsi istiqamətində iş aparılır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsində elektron xidmətlər bölməsi yaradılır. Bu bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyaların və sertifikatların adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdiriləcək, rüsumların elektron qaydada ödənilməsinə imkan yaradılacaq.

Sonra "Ultra" şirkətinin baş direktoru Zaur Məmmədzadə şirkət tərəfindən İqtisadi İnkişaf Nazirliyində tətbiq edilmiş elektron sənəd dövriyyəsi, kadrların elektron bankı və elektron maliyyə proqramları ilə bağlı məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Ümumi şöbəsinin müdiri Rövşən Ataşov isə elektron idarəetmə sisteminin komponentlərini real sistemdə nümayiş etdirmişdir. Ən son yenilik kimi, müasir İpad 2 planşetlərində 3G texnologiyaları əsasında mobil iş yeri nümayiş etdirilmişdir. Bu yenilik Nazirliyin əməkdaşlarına dünyanın istənilən yerindən elektron idarəetmə sisteminə qoşularaq sənədlərlə tanış olmaq və onlar üzərində iş aparmaq imkanı verəcək.

"Azerfon" şirkətinin nümayəndəsi isə şirkətin fəaliyyəti, Azərbaycanda ilk dəfə məhz İqtisadi İnkişaf Nazirliyi tərəfindən elektron idarəetmə sistemində 3G texnologiyalarının tətbiqi barədə məlumat vermiş, gələcəkdə də bu texnologiyaların geniş yayılacağını qeyd etmişlər.

Sonra İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet səhifəsinin www.economy.gov.az təqdimatı keçirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, regionların inkişafı, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, sahibkarlığın inkişaf dinamikası, beynəlxalq maliyyə institutları ilə əlaqələr və s. məlumatlar öz əksini tapmışdır. Saytın başlıca üstünlükləri canlı əlaqə, müraciətlərin sayt vasitəsilə qəbulu və cavablandırılması, vətəndaşların qəbula yazılması, Nazirliyin məlumatlarına abunə imkanının olmasıdır. Saytda interaktiv pəncərələrdən və video materiallardan geniş istifadə edilmiş, zəngin foto arxiv və effektiv axtarış sistemi yaradılmışdır.

Tədbirdə "Microsoft" şirkətinin gələcək texnologiyaları, həmçinin İqtisadi İnkişaf Nazirliyində yaradılmış elektron sənəd dövriyyəsi ilə bağlı filmlər nümayiş olunmuşdur.

 


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün