2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Rayon haqqında
23 İyun , 2015

Hacıqabul şəhərində yerləşir. XIX əsrə aiddir. Hacıqabul dəmiryol vağzalı unikal sənət əsəridir. Vağzal tarixi abidə kimi qeydə alınıb. Bakı-Tiflis dəmiryolu xətti və vağzal binası 1883-cü ildə istifadəyə verilmişdir. Çar hökuməti həmin yolu Pekinə qədər uzatmaq istəyirdi. Lakin müəyyən səbəblər üzündən bu ideya həyata keçmədi. Məşhur fransız fantastika yazıçısı Jül Vernin "Klodius Bombarnak" romanında Pirsaat, Hacıqabul, Muğan və rayonumuzun digər dəmiryol stansiyalarının adı hallanır. Hansı ki, o zaman dəmiryolu ideyası hələ reallaşmamışdı. Xeyli sonralar Sovet dövründə Türksib dəmiryolu, Baykal-Amur magistralı işə salındı.  Nadir Şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalanıb. Həmin dövrdə Hacıqabul ərazisi Şamaxı xanlığının tərkibində olub. Rus işğalından sonra bu ərazi Şamaxı quberniyasının, zəlzələdən sonra Bakı quberniyasının Şamaxı qəzasının tərkibinə daxil edilib. Bakı-Tiflis dəmir yolu çəkiləndən sonra (1881-1883) Hacıqabul dəmiryol qovşağı mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Həmin dövrdə çox gözəl memarlıq abidəsi olan dəmiryol vağzalı, dəmiryol yaşayış binaları, dəmiryoluna aid inzibati binalar, dəmir yol məktəbi, Nobelin neft vurma məntəqəsi (1904) çörək kombinatı, su qüllələri, balıq vətəqəsi və sair inşa edilib. Hacıqabul dəmiryolu vağzalı 3 mərtəbəli inzibati binadır. Binada 24 otaq, gözləmə zalı, təmirsiz restoran (hazırda sanitar qovşağı və s. mövcuddur) vardır. Vaxtilə restoranda çilçıraqlar asılmış, çarın gerbi, ikibaşlı qartalın şəkli vurulmuşdu. O zamanlar vağzalda əsgərlər üçün zal, hətta namaz qılmağa minbər vardı. Perron tərəfdə vağzalın dəniz səviyyəsindən nə qədər yuxarı olduğunu göstərən lövhə mövcuddur. Keçmiş vaxtlar perrona, vağzala biletsiz girmək qadağan idi.