2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Dağlıq Qarabağ münaqişəsi
23 İyun , 2015

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə «Allahın qulu» deməkdir.Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdəDizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə «Qraxdın» sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.