2 saylı Hacıqabul şəhər kitabxana filialı

2 saylı Hacıqabul şəhər kitabxana filialı
Uşaq hüququ
28 İyun , 2015

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir. Hər il iyun ayının 1-i isə respublikada Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunur. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olduğu və bu borcun yerinə yetirilməsinə dövlətin nəzarət etməsi müddəaları öz əksini tapıb. 1998-ci il mayın 19-da Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Prezident İlham Əliyev də uşaq və gənclərə qayğı və diqqətin artırılması yolunda çoxlu işlər görüb. Bu məqsədlə bir çox məktəblərin tikilməsi və yenidən təmir olunması, idman komplekslərinin tikilməsi və s. göstərmək olar. Son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu yolda gördüyü işlər xüsusi qeyd olunmalıdır. Bir çox rayonlarda Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində yeni uşaq evləri və internat məktəbləri tikilib istifadəyə verilib.22 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilməsi haqqında qərar qəbul edib.