8 saylı Atbulaq kənd kitabxana filialı

8 saylı Atbulaq kənd kitabxana filialı
Dağlıq Qarabağ münaqişəsi
2 Yanvar , 2016

Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir.Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən bəri) işlənmişdir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır.Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.