8 saylı Atbulaq kənd kitabxana filialı

8 saylı Atbulaq kənd kitabxana filialı
Dağlıq Qarabağ münaqişəsi
2 Yanvar , 2016

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.  1993-cü ildən Füzuli əhalisi qaçqınlıq həyatı yaşayır Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən  axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərrkəzindən  15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s.  bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi ermənin vandalizminin bir daha sübutudur.1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid vermişdir. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəli dərəcəli əlili var.  Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə ecazkar Füzuli torpaqları da girov düşdü, əsir alındı. Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir, 55 min nəfərə yaxın füzulili köçkün həyatı yaşayır. Ümid edirik ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək. Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. O gün gələcək  ki, Füzuli rayonu yenidən öz əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək.