12 saylı Kürçülü kənd kitabxana filialı

12 saylı Kürçülü kənd kitabxana filialı
Rayon haqqında
5 İyul , 2015

Üç para kənd! Üç kəlmədən ibarət olan bu söz birləşməsində işlənən “para” türkdillilərdə bir neçə məna bildirir. Para-pul, bütöv bir şeyin yarısı, hissə, həm də numerativ söz-say və s. deməkdir. Bu söz birləşməsində “para” hissə mənasına daha yaxındır. Söhbət Hacıqabul rayonunun şərqində yerləşən Qızılburun, Atbulaq və Kürçülü kəndlərindən gedir. Özlərini bir adla-mərəzəli adı ilə adlandıran Qızılburun, Atbulaq və Kürçülü camaatı haqqında bildiklərimizi, öyrəndiklərimizi və eşitdiklərimizi oxuculara çatdırırıq. Bu yer adını bəziləri Kürçülü şəklində işlətsələr də, respublikamızın bir neçə rayonunda Kürçülü sözünə də rast gəlirik. Məsələn : Şərurda (Kürçülü), Naxçıvanda (Kürçülü) və s. Deməli, bu adlar həqiqətən, “Kürd” etnonimi ilə bağlıdır. Kürçülü kəndinin adı da (Kürd-çü-lü və ya Kürd-çöl-lü) kürd xalqının adından götürülüb. Orada yaşayanların ulu babaları kürd olub. (Kür qırağındakı “Kürdlər” kimi). Belə ki, Göyçay, Ağdam, Masallı, Samux, Kürdəmir, Zaqatala, Lerik, Quba, Bərdə, Bakı, Laçın, Ağdaş, Sədərək, Cəlilabad, Füzuli, Zəngilan, İsmayıllı, İmişli və s. kimi rayonlarda “kürd” adı ilə bağlı yaşayış məntəqələri çoxdur. “Kürd”- Göyçayda, Ağdaşda, “Kürdəbazlı”- Masallıda- “Kürdəlilər” Samuxda- “Kürdəmir” Kürdəmirdə, Zaqatalada “Kürdəmiş”,- Göyçayda “Kürdəsər”- Lerikdə “Kürdağ”- Qubada , “Kürdəxanı”- Bakıda,”Kürdobaçı”- Laçında, “Kürdçuva”- Ağdaşda, “Kürdəkən”- Sədərəkdə, “Kürdlər”- Füzulidə, Ağdamda, Cəlilabadda, “Kürdəməhlizli”-Zəngilanda, “Kürdmahmudlu”- Füzulidə, İmişlidə, “Kürdmaşı”-İsmayıllıda, “Kürdçapıq”-Zəngilanda, “Kürdşaban”- Göyçayda, “Kürdeldarbəyli”- İsmayıllıda, “Kürdduvan”- İsmayıllıda, “Kürdduvan”- İsmayıllıda...Deyəsən, Türkiyə torpaqlarında da bu tayfanın varislərindən vardır. Faruq Sümər yazır : “Buraya (Türkiyədə Çuxurovada İ.H.) keçən oynaqların başında Bozdoğan ilə ona mənsub Mələmənçi, Qarabaculu, Kürçülü və Təkəlu obaları dururdu. (“Oğuzlar”, 1992.səh.189). Bizim kürdçülərə gəlincə, deyirlər, Onların əsilləri Şamaxının Şorsulu kəndindən gəliblər. Bəziləri isə onların xarici görşlərinə, xüsusilə sifət quruluşlarına görə tatarlarla və ya türkmənlərlə qohum olduqlarınıgüman edirlər. Bir dostun söhbətindən : “Kürçülü kəndinin adının coğrafi toponim kimi yaranması ehtimaldır. Çünki əhali tamamilə Şorsulu kəndindən köçmüş və bir neçə tayfaya malikdir. Belə ki, bu söz üç məna kəsb edir : kürdçülü, kürkçülü və gürçülü. Eşitdiyimə görə, bu yerlərdə dağıstanlılar da qışlağa gələrlərmiş. Bəs “gürcü” sözü haradan meydana gəlib? Söz var ki Gürcüstandan gəlmiş Xəlil oğlu Rüstəm və ya Ruslan adlı bir şəxs burada qalıb, evlənib, yaşayıb... Deyirlər, cənubdan-”Şahsevən kəndindən 32 nəfərdən ibarət bir ailə 1905-ci ildə Şorsulu kəndinə gəlib. Törəmələr-nəvə-nəticələr çoxalıb. Onlara Şahsevənlər deyilir. Bəs onda kəndin adı nə üçün məhz “Kürçülü” olub? Bu o deməkdir ki, Gürcüstandan olan kişi burada alaçığını birinci tikib və qalanlar da oraya köç etməli olub. Kürkçülük sənəti isə bura ilə bağlı deyil. Çünki kürk tikmək, tam mənasında desək, Şamaxı tərəkəmələrinin sənəti olub.

“Küp” sözü də yaddır. Belə ki, belə bir səhrada nə bağ, nə ağac, nə də şərabçılıq olub. Kənddən aşağıda Şah Abbas dövründən qalma (bəlkə də başqa dövrdən qalma) bir körpü uçuğu var. Bu da Qara Yusifin dəniz ağzı abidələrindən ola bilər.” Bu söhbətdən belə görünür ki, kəndin adı mübahisəlidir. Onu “kürd”, “gürcü”, “kürk” və s. sözlər ilə əlaqələndirilər. Başqa bir dostun söhbətindən :variantlarla belə verir : 1 variant : Kürçülü adını “Kürçü” adı ilə bağlayırlar... İndiki Qobustan rayonunun Mərəzə kəndindən bu yerlərə qışlamaq üçün çoxlu qoyun sürüsü gələrmiş. Qoyun peyinini qışlaq binələrindən çölə daşımaq üçün xüsusi kürçülər (daha doğrusu, kürüçülər) var imiş. Həmin kürçülər (kürüçülər) binələrini birdəfəlik orada tikmiş və həmin yerlər kürçülü adlanmışdır. II variant : Ölkənin fiziki-coğrafi xəritəsində həmin kənd Kürdçü adı ilə qeyd olunmuşdur. Bu adı “Kürd” adı ilə bağlayanlar da vardır. III variant : Bu variant daha da ağlabatandır. Bu ad nə “Kürdçü”, nə də “Kürçülü”dür. Kəndin adı “Kürkçü” sözü ilə bağlıdır.Həmin kənddə kürk tikmək ilə məşğul olan ustalar olmuşdur, bu gün də belə ustalar mövcuddur. Kənd ağsaqqallarının dediyinə görə, həmin kəndin adı da bununla bağlıdır. “Kürkçü”- kürk tikənlər kəndi. Şəxsən “Kürçülü”, (əslində isə Kürdçöllü) kəndinin tarixi ilə maraqlanan və onu qələmə alan bu sətirlərin müəllifinin fikrincə isə kəndin adı “Kürd” etnonimi ilə bağlıdır. Bir mənbədə belə oxuyuruq : “XIX əsrdə Qarabağda Mərzili tayfası yaşamışdır.O, öz adını, yəqin ki, Mərəzə kəndindən (Şamaxı rayonu) götürmüşdür.Çünki mərzililər əvvəlcə Şirvanda yaşamış, Şirvanlı Mustafa xanın təbəəsi olmuşlar. Oradan Arazın sahilinə-xana məxsus olan torpağa köçürülmüşlər. Mərzililər bir sıra kəndlərdə- Mərzili, Mərzili İsmayıl bəy (indiki İsmayılbəyli), Mərzili Cəfərquluağa və b. Yaşamışlar. 1845-ci ildə onların bir hissəsi (19 ailə) belə yarımköçəri həyat tərzi keçirməkdə davam edirdi və Şıxlı,...Kürdçöllü...nəsillərindən ibarət idi.” (Q.A.Qeybullayev “Azərbaycan toponomiyası”(rus dilində, 1986, səh.74). Bəzən bu eli kürkçü adlandıraraq, mənasını da kürk tikmək sənətində axtarırlar. Halbuki bu fikir heç cür ağlabatan deyildir. Belə ki, keçmişlərdə, demək olar ki, bütün kəndlərdə və obalarda, ümumiyyətlə, türkdilli oynaqların hamısında payız və qış mövsümləri üçün kürk tikənlər-kürkçülər olmuşdur. Bütün bu mahallara “Kürkçü” damğası vurmaq olmaz. Rayonumuzun ən ucqar şərqində yerləşən Atbulaq stansiyasından Qalmaz dağına qədər uzanan Kürçülü (Kürkçülü, Kürdçülü...) kəndi öz başlanğıcını heç şübhəsiz kürd etnosundan götürmüş və toponimin əsli “Kürd-çöllü” olmuşdur. Məşhur toponimçi Q.A.Qeybullayev yazır ki, “XIX əsrdə Azərbaycanda Kürd tayfaları barədə məlumatlar olduqca təzadlıdır. Belə ki, 1933-cü ilin göstəricilərinə görə, Naxçıvanda Kürdlər 9 tayfa birliyindən ibarət idilər... XIX əsrin ortalarında I.Şopen qeyd edir ki, Azərbaycanda kürdlər Bərgüşad, Babalı...Bozlu...Kolanı...tayfalarına bölünürlər.” (Q.A.Qeybullayev-“Azərbaycanın toponimiyası, səh 111). Həqiqətən, ağlabatan budur ki, kəndin adı əsrlər ötdükcə Kürd Çullu Kürdçullu Kürdçülü Kürçülü, hətta Kürkçülü kimi səslənmişdir. Əsl həqiqətdə isə toponimin asli Kürd Çöllü, etnosun özü isə türkdilli xalqlara mənsub olmuşdur. Bizə elə gəlir ki haqqında söhbət açdığım toponim elə “Kürd-çö-lü”dür (sonradan dəyişilərək “Kürd-Çullu”, “Kürd-çüllü”, “Kürdçülü” olub.) Hüseyn İsayev