7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Rayonumuzun ərazisində Qubalı adlı iki kənd var: Qubalı-Baloğlan və Qubalı-Bəşirbəyli. Deyilənə görə, bir neçə yüz il bundan qabaq Qubanın Koxannı, Dizəvərri, Molla-Qasımlı kəndlərindən və Xızıdan gələn köçəri maldarlar indiki Qubalı kəndlərinin otlaq yerlərindən qışlaq kimi istifadə etmiş, sonradan buralarda daimi –oturaq yaşayışa keçmişlər. Bəşir və Baloğlan da həmin qubalıların bəyləri-nəsil ağsaqqaları olmuşlar. Hər iki Qubalının əhalisinin bir hissəsinin bu yaxınlara qədər tat dilində danışması da onların Quba və Xızıdan gələnlərin törəməsi olduğunu təsdiq edir. İndi Udulu ərazi vahidinə daxil olan Qubalı-Bəşirbəyli kəndi Yuxarı (Qubalı Baloğlandan şimalda olduğu üçün), Yanıq, yaxud Qotur (burda vaxtilə yanğın olduğuna görə) Qubalı da adlandırılır. Kəndin əhalisini Qubanın Koxannı, Şamaxının Kolanı və digər kəndlərindən gəlmələrin nəsilləri təşkil edir. Kəndin ərazisindəki “Tövlə dərəsi”, “Çaparxana yeri” adlı yerlər, “Uçuq pir”, “Sınıq pir” adlı tikililər, qala divarı qalıqları, “Şəhid daşları”, küp qəbirlər bu məkanın qədim tarixə malik olduğunu göstərir. Kəndin yaxınlığındakı yer adlarından: “Kəlaməddin”, “Güngörməz”, “İncəbel”, “Xan arxası”, “Qaçaq aşan”, “Qanlı qışlaq” (Axrıncı iki yer adının buralarda məhşur olmuş Qaçaq Seyidqulu ilə bağlı olduğu güman edilir). “Şəhid daşları”ndan birinin üstündə 1240 hicri (1823 milad) tarixi yazılmışdır. Kəndin qırağında Misir adlı şəxsin yüzlərlə seçmə ağacdan ibarət gözəl bir bağının olduğu, lakin sonradan baxımsızlıqdan dağa döndüyü nəql olunur.