7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan xanəgah kompleksi Ipək Yolu üzərində yerləşən Hacıqabul rayonunun simvolu hesab olunur. Bakının 127 km. məsafəsində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşmişdir. Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün samballığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqe tutur. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi vaxtı ilə, çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olmuşdur. Şeyx Pir Hüseyn Şirvaninin türbəsi memarlıq kompleksinin şimal-qərb bucağında qala divarına bitişik tikilmişdir. Böyük yazı qurşağında türbənin zəngin bəzək işinin tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilmişdir. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur. Kaşıların üzərində "ALLAH" və MƏHƏRRƏM" sözləri həkk olunmuşdur. Kaşılar işıq düşərkən ulduzlar kimi bərq vurur. Xanəgahı dünyada məşhur edən kaşı bəzəklərinin bənzəri ancaq Məşhəddəki İmam Rza məqbərəsindədir.Məşhur akademik V.Kraçkovskaya yazırdı: "Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə yalnız Məşhəddə İmam Rza türbəsi rəqabət apara bilər". Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixoloji emosional ruh və dərin inam doğururdu. Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə bildirir ki, "Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır". Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısında sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə hicri 654/miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir. Minarədəki başqa daş lövhədə oyulmuş iki sətirlik yazıda "Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud İbn İbrahimin əməli" məlumatı həkk olunmuşdur. Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır. Xanəgahı dünyada məşhur eyləyən kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olmuşdur. 1906/07-ci ildə Xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparmışdır. 1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarmışdır. Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırımı törədən erməni S.Lalayanın quldur dəstəsi sındırmışdır. Azğınlaşmış erməni yaraqlıları kaşı lövhələrini sındırmaqla kifayətlənməmiş, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək oranı tərk etmişlər. Türbənin böyük pannosunun ulduz və xaçlarının çoxu 1925-ci ildə Sank-Peterburqa aparılmışdır. İndi Dövlət Ermitajının kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçıraqlı ulduz, 325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır. 1936-cı ilin oktyabrında xanəgahda çilçıraq bəzəyinin cəmi üç kiçicik fraqmenti qalmış və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat muzeyinə köçürüldü. Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır. Bu illər Bu yolla abidə dünya şöhrəti qazansa da, onu vaxtında və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır. XX əsrin 50-ci illərində erməni Avropanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi də xanəgaha vurulan ciddi zərbədir. Bu anbardan müntəzəm su sızmaqla rütubət əmələ gəlir və korroziyaya uğradır. Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq qoruğunda son illər ərzində xeyli iş görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş layihə əsasında 6 ədəd ictimai iaşə otaqları istifadəyə verilmişdir. Qoruğun fondunda 13758 ədəd eksponat toplanmışdır. 2003-cü ildə burada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa işləri başladı. 2004-cü ildə isə Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğuna direktor təyin olundu, dekabr ayına bura tam ştatı ilə fəaliyyətə başladı. 2007-ci il oktyabr ayının 1-də, bərpadan sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Xanəgahın açılış mərasimi oldu. 01 noyabr 2012-ci il tarixə qoruq tərəfindən 2358 ədəd eksponat əldə edilmişdir. Bunlardan 5-i arxeoloji əşya, 7 bütöv saxsı qab, digərləri isə dulusçuluq və keramika məmulatlarıdır. Ümumilikdə fondda 13447 ədəd dulusçuluq və keramika məmulatları vardır.