7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Rayon haqqında
12 Yanvar , 2016

Qubalı-Baloğlan kəndində yerləşir. Orta əsrlərə məxsus tarixi abidədir. Yerli əhəmiyyətlidir. Pirsaat xanəgahı əhalinin müqəddəs saydığı və pirə çevirdiyi Şeyx Pir Hüseyn Şirvaninin türbəsi ətrafında bir neçə yüz il ərzində yaradılmışdır. Türbə, XI yüzilin son çərəyində (Pir Hüseyn 1074– cü ildə vəfat etmişdir) tikilmişdir. Bu yerdə daha qədim tapınağın, pirin olması da mümkündür. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur. Kaşıların üzərində "ALLAH" və MƏHƏRRƏM" sözləri həkk olunmuşdur. Kaşılar işıq düşərkən ulduzlar kimi bərq vurur. Xanəgahı dünyada məşhur edən kaşı bəzəklərinin bənzəri ancaq Məşhəddəki İmam Rza məqbərəsindədir. Məşhur akademik V.Kraçkovskaya yazırdı: "Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə yalnız Məşhəddə İmam Rza türbəsi rəqabət apara bilər". Pir Hüseyn türbəsi güneydən məscid binasına bitişikdir. Üstündə tikilmə tarixi qalmayan məscidin plan məkan quruluşu İçərişəhərdə yerləşən Aşur məscidininki ilə eynidir. Məscid düzbucaqlı plana malik olub sivri tağbəndlə örtülən uzunsov ibadət salonunun örtü konstruksiyasına əlavə möhkəmlik üçün ortada tağ qurulmuşdur. Onun giriş qapısı şərq fasada assimtrik çıxır. Bu qapı önündə vaxtilə Bakıdakı Sınıqqala məscidində olan sayaq astanakiçik vestibül varmış. Plan-məkan quruluşundakı bu özümlüklərə əsaslanan mütəxəssislər Pirsaat məscidinin XI – XII yüzillərin qovşağında inşa edildiyini söyləmişlər. Türbəyə bitişik olduğundan məscidin daş döşəməli ibadət salonu həm də siyarətxana idi. XIII yüzilin ortasından ziyarətgahın nüfuzunun artması ilə bağlı burada tikinti və bəzək işləri genişləndirilir. Xanəgahın giriş qapısı üzərində tikinti tarixi 1243 – cü ildir. Məscidin zəngin bədii yapma gəc naxışlı mehrabı və Pir Hüseyn türbəsinin çoxrəngli kaşı bəzəyi həmin ilin əsəridir. Xanəgahın həyətində, türbənin yanında iki yanaşı su quyusu vardır. Bu quyuların suyu həmişə eyni səviyyədə qalır. Suları şirin və yüngüldür. Əhali sudan həm içmək, həm də müalicə vasitəsi kimi istifadə edir. Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmış bir sıra binalardan ibarət olub. XIII əsrə aid edilən karvansara və tövlələr belə binalardandır. Xanəgaha böyük vəqf əmlakı və torpaqları məxsus idi. Həmçinin daş-qaş ianə edilirdi. Pir Hüseyn Xanəgahında və ətrafda on minlərlə inəyi, yük heyvanları olan çoxlu mürid və dərvişlər yaşayıb. Minarənin kitabələrinin birində yazılırdı ki, bura dərvişlər məskənidir. Tarixçi Həmdullah Qəzvini yazırdı ki, Pir Hüseyn Xanəgahının yüzlərlə müridləri var. Xanəgahın vəqf torpaqlarında ona xidmət edən dərvişlər və işçilər- kişilər və qadınlar yaşayırdı. Bu müqəddəs yer - pir ibadətə gələn çoxsaylı zəvvarları, o cümlədən Şirvanşahları və digər hökmdarları özünə cəlb edirdi. Bura Şirvanın əhəmiyyətli (fəlsəfi, ədəbi, dini) mərkəzi idi. Ona görə də karvansaranın xanəgah üçün xüsusi əhəmiyyəti vardı, onun gəlirlərinə də xanəgah şeyxləri nəzarət edirdilər.