7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
12 Yanvar , 2016

B.A.Dadaşov 1915-ci il, dekabrın 30-da Şamaxı qəzasının (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci ildə ibtidai məktəbi bitirmiş və Azərbaycan Xalq Təsərrüfatı İnstitutu nəzdindəki fəhlə fakültəsinə daxil olmuşdur. Fəhlə fakültəsini bitirdikdən sonra 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə fiziki kimya kafedrasında assisent vəzifəsində saxlanılmışdır. Hələ tələbə ikən B.A.Dadaşov öz elmi fəaliyyətinə başlamışdır. 1936-cı ildən 1938-ci ilə kimi akademik Y.H.Məmmədəliyevin rəhbər olduğu üzvi kimya kafedrasında laborant işləmişdir. 1939-cu ildə o, ADU-nun nəzdindəki fiziki kimya kafedrasında aspiranturaya daxil olmuş, həmin kafedranın assisenti vəzifəsini tutmuş və eyni zamanda mamalıq-feldşerlik texnikomunda kimyadan dərs demişdir.1944-cü ildə o, "Azərbaycanın vulkanik küllərində piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elə həmin il ADU-nun fiziki kimya kafedrasının dosenti olmuş və eyni zamanda N.Nərimanov adına ATİ-də müəllimlik etmişdir. 1957-ci ildə isə «Karbohidrogen quruluşunun tədqiqi və kerosin tərkiblərinin raket-mühərrik maye kamerasında yanma davamlılığı» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1951-1957-ci illərdə B.A.Dadaşovun rəhbərliyi altında və bilavasitə onun iştirakı ilə raket texnikası və uçuşu aparatlar üçün vacib olan mürəkkəb kompleksi iki növ yeni "Nalti-1-B" və "Desil" xüsusi yanacaqlarını yaratmışdır. Dünya praktikasında ilk dəfə olaraq B.A.Dadaşov tərəfindən raket mühərrikinin yanma kamerasında karbohidrogen yanacağının yanma prosesinə davamlılığının qiymətləndirilməsinin eksperimental üsulları işlənib hazırlanmışdır. O, respublikamızda ilk dəfə Azərbaycan dilində yazılmış fiziki kimya dərsliyinin müəllifidir. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. “Azərbaycanın Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Müharibə iştirakçısı kimi «Qafqazın müdafiəsinə görə» və digər medallarla təltif olunmuşdur. Dəfələrlə Azərbaycan elmini Almaniya, Çexoslovakiya, Rumıniya, Bolqarıstan və b. xarici ölkələrdə təmsil etmişdir.