7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
12 Yanvar , 2016

Teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ –nın, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nın, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildyasının üzvü.Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003-2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K.Zanussi (Polşa) və kinodramaturq D.Benkedən (Almaniya) və 2006-2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur.Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 20-dən çox dram əsərinə quruluş vermişdir. 2002-ci ildə rejissor və senarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir. Bir çox beynəlxalq festival (Fransa, Macarıstan, Rusiya, Tacikstan və s.) və Kinoforumların iştirakçısı olmuşdur.2007-ci ildə "Yaddaş" sənədli filmlər studiyasında "Şəki — tarixin naxışları" adlı sənədli film çəkmişdir. Film beynəlxalq festivalların (Fransa, Türkiyə) iştirakçısı olmuşdur.2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor və operator kimi burada 15-ə qədər sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır.2009-cu ildə Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 2009-cu ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.