7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı

7 saylı Qubalı Balaoğlan kənd kitabxana filialı
Azərbaycan dövlət rəmzləri və atributları
12 Yanvar , 2016

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Abşeron yarımadasında, Xəzərin qərb sahilində yerləşir. Sahəsi 2130 km2, əhalisi təqribən 2 milyon nəfərdir. Bakı şəhəri 11 rayon və 61 qəsəbədən ibarətdir. Binəqədi rayonu (qəsəbələri: M.Ə.Rəsulzadə, Binəqədi, Biləcəri, Xocasən, Sulutəpə, 28 May), Qaradağ rayonu (qəsəbələri: Korgöz, Müşfiqabad, Qobustan, Puta, Səngəçal, Çeyildağ, Ümid, Ələt, Baş Ələt, Yeni Ələt, Kotal, Şıxlar, Pirsaat, Qarakosa, Qızıldaş, Şonqar, AZNS, Sahil, Qaradağ, Lökbatan, Heybət, Şubanı), Xəzər (keçmiş Əzizbəyov) rayonu (qəsəbələri: Mərdəkan, Binə, Çilov, Pirallahı, Şağan, Neft Daşları, Buzovna, Güzdək, Qala, Şüvəlan, Türkan, Zirə), Səbail rayonu (qəsəbələri: Badamdar, Bibiheybət), Sabunçu rayonu (qəsəbələri: Bakıxanov, Zabrat, Kürdəxanı, Maştağa, Nardaran, Pirşağı, Sabunçu, Balaxanı, Bilgəh, Ramana), Suraxanı rayonu (qəsəbələri: Suraxanı, Yeni Suraxanı, Bülbülə, Hövsan, Zığ, Əmircan, Qaraçuxur), Nizami rayonu (qəsəbəsi Keşlə), Xətai rayonu (qəsəbəsi Əhmədli), Nərimanov rayonu, Nəsimi rayonu və Yasamal rayonu. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır (Şıx, Suraxanı). Çoxlu palçıq vulkanı (Keyrəki, Boğ-boğa, Lökbatan və s.) var. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3-4°C, iyulda isə 25-26°C-dır. İllik yağıntı 300 mm-dir. Bakı üçün güclü şimal küləyi - xəzri və cənub küləyi - gilavar səciyyəvidir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəgədi, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bakını V-VI əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (XV əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir. Bakı hələ orta Şərqin iri şəhərlərindən olmuşdur. İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu - XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Bakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəş təsvirinin ortasında həkk olunan buğa şəkli olmuşdur. Buğa təsviri əvvəllcə bayır qala divarının qiriş qapısı üzərinə həkk olunubmuş. Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında – Şah Abbas darvazasında yenidən inşa olunmuşdur. Bakının qədim simvolu olan buğa təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur. Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir. Bəzi tədqiqatçılar şir təsvirlərinin səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. XIII əsrin 30-cu illərində Monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri - Buxara karvansarası(XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı. Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. 1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən Nadir şahın hakimiyyəti altına keçdi. XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. 1796-cı  ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. II Yekaterinanın ölümündən  sonra çar qoşunları 1797- ci ilin martında Bakını tərk etdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə   aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində gen. P.Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.Sisianov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 3000 nəfər əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. 10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdır. Çar I Nikolayın 1846 il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdir. Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adi dəyişdirilərək Bakı quberniyası adlandırılmışdı. Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu almışdır. Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir. Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir. 1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən qurumun adı belə olmuşdur: Bakı Şəhər Duması 1870-ci ildə təsis edilmişdir. Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977-ci iilər. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1990-cı iilər. Bakı Şəhər İcra Hakimiyyəti 1991-ci ildən indiyədək. Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Dumasının) binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir. Onun inşası 1900 ildə başlanıb, 1904 ildə başa çatmışdır. Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilmişdir. Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir. Bu günədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə ulu babalarımızın sitayiş etdiyi və Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. 14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilmiş və ona 1975-ci ildə həmin gerbə əlavələr edilmişdir. Bakının bugünkü gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir. Azərbaycan Milli Şurasının 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı haqqında maddə yox idi. Azərbaycan Sovet Sosialist Respublikasının 1921-ci ildə qəbul edilən Konstitusiyasına da pataxt haqqında maddə daxil edilməmişdi. Azərbaycan SSR-in 1937-ci il və 1978-ci il konstitusiyalarında isə Bakı şəhərinin respublikanın paytaxtı olması təsbit edilmişdi. Mövcud Konstitusiyanın (1995-ci il) 22-ci maddəsində deyilıir: Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Bakının tarixi və memarlıq abidələrindən ən mühümü İçərişəhərdir. Burada müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələri (Şirvanşahlar sarayı, Qız qalası, Sınıq qala və s.) vardır. İçərişəhərin Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətini, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini nəzərə alaraq, onun idarə edilməsini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. Müasir Bakının memarlıq abidələri cərgəsinə Şəhidlər xiyabanı kompleksi daxil olmuşdur. 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərinin dəfn edildiyi şəhidliyin ərazisində sovet hakimiyyəti illərində Dağüstü Park əyləncə kompleksi salınmışdı. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya daxil olaraq qətlə yetirdiyi şəhidlər də həmin ərazidə dəfn edildilər və məkan əvvəlki adı ilə - Şəhidlər Xiyabanı adlandırıldı. Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək  məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 5 avqust 1998-ci il tarixli sərəncamına əsasən Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksi ucaldılmlışdır. Bakı Metropoliteni 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmişdir. İlk dəfə 1967-ci il noyabrın 6-da Yaxın Şərqin ilk metropoliteni kimi öz qapılarını şəhər sakinlərinin üzünə açaraq ―İçərişəhər, ―Sahil, ―28 May, ―Gənclik və ―Nəriman Nərimanov stansiyaları, daha sonra isə ―Xətai stansiyası sərnişinlərin istifadəsinə verilmişdir. 1970-ci ildə ―Ulduz stansiyası, 1972-ci ildə ―Məşədi Əzizbəyov, ―Qara Qarayev və ―Neftçilər stansiyaları, 1976-ci ildə isə ―Nizami, daha sonrakı dövrlərdə ―Bakmil, ―Elmlər Akademiyası, ―İnşaatçılar, ―20 Yanvar, ―Memar Əcəmi, 1989-cu ildə isə ―Xalqlar Dostluğu, ―Əhmədli stansiyaları, 2002-ci ildə ―Həzi Aslanov, 2008-ci ildə ―Nəsimi, 2009-cu ildə isə ilk sütunsuz stansiya - Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir. Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində Atəşgah yerləşir. Atəşgah 17-18 əsrlərdə təbii qazların çıxdığı yerdə inşa edilmiş od məbədidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Atəşgah məbədinin ərazisi «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu elan edilmişdir. Abşeron yarımadasının Məhəmmədi kəndi kəndindəki unikal təbii abidələrdən biri olan ―Yanar dağ‖ abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli Sərəncamı ilə ―Yanar dağ‖ dövlət tarix-mədəniyyət və təbiət qoruğu yaradılmışdır. Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirləri ilə tanınmış Qobustandır. Burada Mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlinir.