6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Navahı qədim Şirvan düzündə barlı-bərəkətli zəmiləri, sarı buğdası, çörəkli, zəhmətkeş insanları ilə tanınan bir kənddir. Bu kənd Azərbaycan ədəbiyyatına Mirzə Baxış Nadim kimi görkəmli satirik şair bəxş edib. Maarif sahəsində uzun müddət rəhbər vəzifələrdə işləmiş görkəmli alim Əliağa Məmmədov, qabaqcıl maarif xadimi Mirsona Babayeva, əvəzolunmaz cərrah Həmid Həmidov Navahı kəndində dünyaya göz açmış, xalqımıza şərəflə xidmət etmişlər. Bacarıqlı təsərrüfat  rəhbəri  kimi tanınan Əlikram Misir oğlu Cəbrayılov 1939-cu ildə Hacıqabul (keçmiş Qazıməmməd) rayonunun Navahı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Misir Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhəsindən geri dönməmişdir. Anası Bibigül xala kiprikləri ilə od götürə-götürə, Navahı kolxozunda biçinçilərə su daşıyaraq, öz zəhməti ilə balaca Əlikramı və onun nitqi lal qardaşı Əlövsəti böyütmüşdür. Ə.Cəbrayılov 1957-ci ildə kənd orta məktəbini bitirmiş, əmək fəaliyyətinə 1959-cu ildə Şirvanneftdə fəhlə kimi başlamışdır.  1960-cı ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakultəsinə daxil olmuş, 1965-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1965-1971-ci illərdə Ə.Cəbrayılov Atbulaq südçülük sovxozunda baş baytar həkim işləmişdir. İşgüzarlığını, bacarığını nəzərə alıb, 1971-ci ilin avqust ayından etibarən Əlikram Misir oğlu Cəbrayılovu Navahı mal-qara kökəltmə sovxozuna direktor təyin etmişlər. Ə.Cəbrayılov ömrünün sonuna -1997-ci ilin aprel ayına kimi bu vəzifədə işləmişdir. Məhz Əlikram Cəbrayılov Navahı sovxozuna direktor təyin olunduqdan sonra onun təşkilatçılığı, ağıllıidarəetmə qabiliyyəti sayəsində təsərrüfatda mal-qaranın çəki artımı ilbəil yüksəlmiş, ət, süd, taxıl istehsalında xeyli irəliləyiş olmuşdur.  Navahıda demək olar ki, hər evin həyətinə qaz, su kəməri, telefon çəkilmiş, stadion, kitabxana, məscid, rabitə qovşağı-ATS, poçt binası, uşaq bağçası, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə kompleksi, yay kinoteatrı, kafe, yeməkxana və s. inşa edilmişdir. 80-ci illərin sonunda istifadəyə verilmiş, Əlikram müəllimin zəkasının, gərgin əməyinin bəhrəsi olan, yaraşığı ilə göz oxşayan müasir tipli “gənclik” stadionunda onun yaratdığı “Gənclik” futbol komandasının SSRİ birinciliyinin II liqasında Naxçıvanın “Araz”, Gəncənin “Kəpəz”, Mingəçevirin “Kür”, Lənkəranın “Xəzər”,Zaqatalanın “Daşqın”, Qubanın “Şahdağ”, İmişlinin “Aran” komandaları ilə fərəhli, maraqlı görüşlərini saysız-hesabsız futbol həvəskarları yaxşı xatırlayır. Navahının şəhər tipli qəsəbə kimi görmək istəyən Əlikram Cəbrayılovun adı və fəaliyyəti ilə bağlıdır. Əlikram Cəbrayılov əməlləri ilə insanların ürəyində özünə əbədi heykəl ucaldıb. Ə.Cəbrayılovun 300-dən çox  şeiri insanlara yadigar qalıb. Əlikram müəllim həyat yoldaşı Ayişə xanımla 1 oğul, 5 qız böyüdüb, boya-başa çatdırıb. Övladlarının hamısı ali təhsil alıblar. Bu gözəl insan 1997-ci il aprelin 11-də dünyasını dəyişib.