6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Əsli Orucova – 1959-1972-ci illərdə Navahı kənd Sovetinin sədri vəzifəsində işləyib. Mərd, ötkəm qadın idi. Kəndin xeyir-şərində fəal iştirak edib, ehtiyacı olan ailələrə imkanı daxilində köməklik edib. Navahıda uşaqdan böyüyədək hamı Əsli xalanı hörmətlə, ehtiramla dindirər, bir ağbirçək kimi onunla hal-əhval tutardı. Bir elə dərin savadı, siyasəti olmasa da, Əsli Orucova 60-cı illərdə Navahıda yerli “İspalkom” kimi böyük nüfuz, hörmət sahibi olub, kənd sovetinə ağılla, ədalətlə rəhbərlik etməsi ilə Salyan rayonunda (Navahı və ətraf kəndlər o vaxt bu rayona tabe idi) çoxlarının xətir-hörmətini qazanıb. Kənd sakinlərinin əksəriyyəti o vaxtlar Əsli Hacalı qızı Orucovanın yaxından köməkliyi, təşəbbüsü ilə həyətyanı torpaq sahəsi götürüb, ev tikmişdir. Kənddə su kəməri, işıq xətti çəkilmişdir. Kənddə su kəməri, işıq xətti çəkilməsi, dəyirman, klub, xəstəxana, hamam, poçt binalarının, mağaza və sair ictimai iaşə obyektlərinin tikilməsində Əsli xalanın yerli hökumət kimi diqqətçiliyi, camaatın qeydinə qalması, qayğıkeşliyi əsas rol oynamışdır. Onun əsas qayəsi, amalı kənd camaatının güzəranını, rifah halını daha da yaxşılaşdırmaq, bunun üçün yollar arayıb axtarmaq idi. Ötkəm sözlü, vüqarlı qadın olduğuna görə kənd sakinləri, rayonun rəhbər işçiləri onun bir sözünü iki eləməzdilər.