6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Abdul Dadaş oğlu Qədirov Navahı torpağının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri idi. O, 1905-ci ildə Navahı kəndində anadan olmuşdur. İlk təhsilini Navahıda aldıqdan sonra 1933-cü ildə Bakı Dəmiryol Tikintisi Texnikumuna daxil olmuş və 1936-cı ildə təhsilini başa vurmuşdur. Abdul Qədirov həmin ildən keçmiş Əlibayramlıda əvvəlcə yol tikintisində, 1939-cu ildə isə hərbi komissarlıqda maliyyə müfəttişi işləmişdir. 1942-ci ildə Hacıqabul rayon Partiya Komitəsi nəzdində təşkilat sahəsinin təlimatçısı, 1944-cü ildə bir illik partiya məktəbini bitirdikdən sonra, 1945-ci ildə Hacıqabul rayon partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.  Abdul Qədirov 1947-ci ildə təkrar respublika partiya məktəbinin iki illik kurslarına göndərilib, 1949-cu ildən təkrar ikinci katib, 1951-ci ildən isə rayon partiya komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Abdul Qədirov 1952-ci ildə Azneft yol idarəsininistismar kontorunun rəisi, 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda prorektor (təsərrüfat işləri üzrə), 1971-ci ildə Azneft yol tikinti idarəsində sahə rəisi, 1972-ci ildə 3 saylı evtikmə kombinatinda təhlükəsizlik texnikası üzrə baş mühəndis, 1977-ci ildə Azərbaycan Respublikası İstehsalat-Tikinti Nazirliyinin nəzdindəki metod kombinatının müdiri vəzifələrində işləmişdir. 1975-ci ildə təqaüdə çıxmağına baxmayaraq, həmin vəzifədə işləmiş və 1989-cu ildə öz ərizəsi ilə işdən azad olmuşdur. Çoxlu orden və medallarla təltif edilmişdir. Abdul Qədirov 1993-cü il fevralın 22-də haqqın dərgahına qovuşmuşdur.

Cəmilə Heybət qızı Mikayılova 1924-cü ildə Navahı kəndində anadan olmuşdur. Dəmiryolçu fəhlə olan atası Heybət kişi 1931-ci ildə vəfat etdikdən sonra qardaşı Abduləhədin himayəsində qalmışdır. Əsas ümid yeri olan Abduləhəd də 1942-ci ildə Leninqradın blokadasında qəhrəmancasına həlak olmuşdur. Cəmilə Mikayılova 1929-cu ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1931-ci ildə orta məktəbə getmiş, sonra isə 7 illik təhsil Bakı Feldşerlik Məktəbinə daxil olmuşdur. 1941-ci ildə həmin məktəbi əla qiymətlərlə qurtardığı üçün Azərbaycan Tibb İnstitutuna imtahansız qəbul olunmuşdur. 1946-cı ildə İnstitutu bitirərək təyinatla Hacıqabul rayonuna göndərilmişdir. Bir müddət ambulatoriya müdirəsi və rayon terapevti işləmişdir. Cəmilə xanım 1953-cü ildə Bakıya qayıdaraq, 1954-cü ilə qədər Bakı protez kombinatında həkim işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitiutunun 1-ci fakultə terapiya üzrə ordinaturaya qəbul olunaraq, 1957-ci ildə ordinaturanı bitirmişdir. Həmin vaxtdan Azərbaycan Neft Kəşfiyyatının birləşmiş xəstəxanasına göndərilmiş və 1993-cü ilə kimi həmin xəstəxanada terapiya şöbəsinin müdiri, terapevt-kardioloq, terapevt, elektro-kardioloq vəzifələrində işləyib. 1993-cü ildə yaşına görə təqaüdə çıxmışdır. Cəmilə xanım öz həmyerlisi olan görkəmli dövlət xadimi və əsl ziyalı bir insanla- Abdul Qədirovla ailə qurmuşdu. Bu gözəl cütlüyün dörd övladı olmuş və hamısı da valideynləri kimi ali təhsil almış, tanınmış ziyalı olmuşlar. – Sona xanım BDU-nun coğrafiya fakultəsini bitirmiş, yüksək vəzifələrdə işləmişdir. Arzu xanım APU-nun fizika-riyaziyyat fakultəsinin məzunu olmuşdur. Ayrıca söhbət mövzusu olan Həqiqət xanım Qədirova tibb elmləri doktoru kimi nəinki respublikamızda, onun hüdudlarından kənarda da şöhrət qazanmışdır. Qədirova Həqiqət Abdul qızı 1950-ci ildə sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1957-1967-ci illərdə Bakı şəhəri 1 nömrəli orta məktəbdə oxuyub. 1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsində təhsil almışdır. İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1974-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında baş laborant vəzifəsində işləmişdir. 1974-1977-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının D.İ.İvanovski adına Virusologiya İnstitutunun aspiranturasında oxuyub və 1977-ci ildə orada tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 2005-ci ildə Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2002-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tibb, biologiya və kənd təsərrüfatı elmləri şöbəsində işləmişdir. 20.10.2006-cı il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının üzvüdür. 200-dən artıq elmi əsərin, o cümlədən bir monoqrafiya, bir tədris vəsaiti, 3 müəlliflik şəhadətnaməsi,2 metodik tövsiyyə, 190-dan artıq məqalə və tezislərin müəllifidir. 1993 və 2002-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.