6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Yaxın keçmişə qədər Navahı bölgədə ən qədim, həm də ən böyük kəndlərdən biri olmuşdur. 1918-ci ilin soyqırım aktında göstərilir ki, Navahı 2000 evdən ibarət abad kənd olmuşdur. Kənddə dini və dünyəvi məktəb, anbar, dövlət idarəsi, 16-18 ticarət köşkü, dəyirman, məscid, çayxanalar və s. vardı. Ətraf kəndlərdən Navahıya oxumağa gəlirdilər. Bu təxminən XX əsrin 50-ci illərinə kimi davam etmişdir. O vaxtlar Navahı ziyalıları adla deyilirdi. Elə təkcə Mirzə Baxış Nadim bəs edər ki Navahının elm və təhsilindən məlumat alasan.1892-ci ildə Molla Nəcəfin məktəbini bitirən üç nəfər istedadlı gənci kənd icmasının vəsaiti ilə Nəcəf şəhərinə oxumağa göndərdilər. Sadıq, Əbdüləhəd və Əli (Əlimərdan) 1910-cu ilə kimi ali ruhani təhsil alıb geri qayıtdılar. Şeyx Əlimərdan Abbas oğlu 1874-cü ildə anadan olmuş, qardaşları Hacı Ağamirzə, Kərbəlayı Zülfüqar, Məşədi Nəriman, bacıları isə Məşədi Tatu xanım və Əminə olmuşlar. Buradan aydın olar ki, qardaş və bacıların hamısı islamın müqəddəs ziyarətgahlarına getmiş, iman əhli olmuşlar. Şeyxin öz övladları- Hüseynağa 1909-cu, Mədinə 1911-ci, Siddiqə 1913-cü, Əbülfəz 1915-ci, Həsənağa isə 1906-cı illərdə anadan olmuşlar. Həyat yoldaşı Kərbəlayı Zəhra əslən ərəb qızı olmuşdur. Şeyx Nəcəf şəhərindən qayıdarkən evli idi. Şeyx Əlimərdan təhsilini Nəcəf, Xorasan və Kərbəlada almışdır. O, ixtisasca həkim idi. Həmçinin bir çox dünyəvielmlərə də mükəmməl yiyələnmiş Şeyx Əlimərdan gözəl şəriət bilicisi olmuşdur. Məsciddə moizə oxuyarkən hamı diqqətlə ona qulaq asarmış.

Navahının yaşlı adamları nəql edərlərmiş ki,Şeyx Əlimərdanın dünya malında, var-dövlətdə heç zaman gözü olmamışdır. Onun yanına kəbin kəsdirməyə gələnlərdən heç vaxt pul almazmış, gizlincə döşəkcənin altına pul qoyularkənxəbər tutardısa, tez oğluna tapşırardı ki, al pulu, çatdır gedən adama. Bununla məlum olur ki, Şeyx Əlimərdan kəbinə pul almırdı. Deyilənə görə, o zaman məsciddə moizə ediləndə yığılan puldan Şeyxə gətirib verəndə qəzəblənərmiş ki, kənddə dilənçilərin sayını artırmayın. Aparın pulu verin kasıblara, yetimlərə, çox uşağı olanlara. Mənim yetimim yoxdur. Belə nəql eləyirlərmiş ki, o zaman şəri məsələlərdən ötrü ruhanilər İraqa gedərkən, orda deyirlərmiş ki, gedin Azərbaycanda, Navahı kəndində Şeyx Əlimərdanın yanına. Şeyx Nəcəfdən ərəb qızı ilə evlənib gələrkən, qızın qardaşı Hacı Mehdi də onlarla bərabər Navahıya gəlmişdir.

Həm təbib, həm də din adamı, eyni zamanda böyük elm xadimi olan Şeyx Əlimərdanın ömür yolu da çox uzun olmayıb. 1918-ci ilin qanlı Navahı soyqırımı zamanı məsciddə namaz qılan Şeyx Əlimərdan çiynindən yaralanır. Onun yarası nə qədər müalicə olunsa da, sağalmır. Şeyxin yaxın adamları dava-dərmandan ötrü çox əlləşirlər. Sərhədlər bağlandığı üçün heç yerə getmək mümkün olmur. Şeyx Əlimərdan qohumlarına deyir ki, daha bəsdir, əziyyət çəkməyin. Mənim dərmanım İranda və Amerikadadır. Sizin də əliniz o yerlərə çatmır. Mən bilirəm ki, vaxtıma az qalıb.

Allahın sevimli bəndəsi Şeyx Əlimərdan aldığı xain düşmən gülləsindən 1926-cı ildə dünyasını dəyişdi. Qəbri Navahı kəndindədir. Nəvəsi Əli qəbrin ətrafını düzəltdirib. Həyətlərində məscid olub. Şeyxin Nəcəfdən gətirdiyi kitabları hansı din xadimi aparıbsa, hələ də gətirməyib. Yaşlı nəslin xatirindı işıqlı sima kimi qalan Şeyx Əlimərdan nəsillərə nümunə göstəriləcək şəxs olmuşdur. Allah ona rəhmət etsin! Ruhu şad olsun!