6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Ramazan Tarverdiyev 1928-ci ildə Şamaxı qəzasının Navahı kəndində (hazırda Hacıqabul rayonuna tabedir) dünyaya gəlmişdi. Ramazan atası Baxşəli kişi zəhmətkeş adam idi. Ailəsinin ruzisini çıxartmaq üçün gecəsini gündüzünə qatar, rahatlıq, dinclik nə olduğunu bilmədən çalışardı. Anası Müşgünaz evdar qadın idi. Evin ağırlığının bir hissəsini də çiyinlərində o daşıyırdı. Ailədə 2 oğlan (Həsən və Ramazan) və 4 qız uşağı (Nisə, Xədicə, Leyla, Sona) böyüyürdü. 1933-cü ildə Baxşəli kişi Ələt dəmiryol stansiyasında fəhləliyə qəbul olundu. Ailə Navahı kəndindən köçüb, burada yaşamağa başladı. Ramazan da məktəbə burada getdi. Atasının əməklə ülfət bağladığını görən Ramazan da mehrini işə, əməyə saldı. O, Atasına kömək etməklə yanaşı, kitabı da əlindən yerə qoymazdı. 1939-cu ildə atası Baxşəli kişi dünyadan köçdü. İki il keçməmiş qara xəbər qapı-bacanı döydü : müharibə başlanmışdı.Kəndin ac günləri başlandı. Əli silah tutan cəbhədə idi. Ramazan da əlini-əlinin üstünə qoyub oturmadı. Dəmir yolunda elektrik montyoru işinə girdi. Bu, 1942-ci ilin iyun ayına təsadüf edirdi. 1944-cü ildə anası vəfat etdi. 1947-ci ildə Ələt axşam məktəbini bitirdi. Müharibə sona yetmişdi. Ölkədə quruculuq işləri gedirdi. Ramazan sənədlərini Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə verdi və qəbul olundu. Birinci kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndəriş aldı. Burada görkəmli coğrafiyaşünas alimlər N.N.Baranski, İ.A.Vitver, A.S.Barkov, K.K.Markov, B.A.Apollov, S.D.Muraveyski və başqalarından dərs aldı. R.Tarverdiyev ali təhsilini 1953-cü ildə tamamladı və doğma Bakıya qayıdıb Azərbaycan Hidrometeroloji Xidmət İdarəsində əmək fəaliyyətinə başladı. Az keçmədi ki, respublika  Elmlər Akademiyasının aspiranturasına qəbul olundu. Respublika EA-nın Coğrafiya İnstitutunda çalışdığı illərdə Böyük Qafqazın (1960-1961-ci illərdə), Lənkəran subtropik zonasının (1962-ci il) göllərinin və su anbarının hidroloji xüsusiyyətləri ilə yaxından tanış oldu. “Böyük Qafqazın gölləri və su anbarları” adlı monoqrafiyasını nəşr etdirdi (1965). Mingəçevir su anbarıdaim R. Tarverdiyevi maraqlandırırdı. Odur ki, həmin anbarın lilləmə üsullarınıtədqiq etməyə başladı. Bu problemlə bağlı kitab çap etdirdi (1974). Ramazan müəllim artıq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırkı ADPU) dosent vəzifəsində çalışırdı (1968-ci ildən). 1970-ci ildə Moskva Dövlət Universitetinin doktoranturasına göndəriş aldı. 2 il burada təhsil aldı, doktorluq dissertasiyasının son tamamlama işlərini gördü. Bakıya qayıtdıqdan sonra 1973-cü ildən A.D.P.İ-nin “Fiziki coğrafiya” kafedrasına müdir seçildi və ömrünün son günlərinə - 1983-cü ilədək bu vəzifədə çalışdı. 1976-cı ildə Pern şəhərində “Böyük dağətəyi su anbarlarının lillənməsinin tədqiqi (Mingəçevir su anbarının nümunəsində)” mövzusunda doktorluq  dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Moskva, Kiyev, Leninqrad, Daşkənd, Kuybışev, Tbilisi, Kazan və bir sıra başqa şəhərlərdən olan alimlər həmin əsərin praktik dəyərini xüsusi vurğuladılar. Coğrafiya elmləri doktoru elmi dərəcəsi (1977) və professor elmi adı (1978) aldıqdan sonra Ramazan müəllim daha əzmlə elmi axtarışlar aparır, qənaətlərini, coğrafiya elminin yeniliklərini mühazirə zamanı tələbələrinə də çatdırırdı. Onun qələmindən 100-dən artıq elmi məqalə, 4 monoqrafiya çıxıb. Bütün bunlarla bərabər, “Qafqaz” (Moskva, 1966) və “SSRİ-nin su ehtiyatları” (Leninqrad, 1971) monoqrafiyalarının müəlliflərindən biri oldu. Birinci əsərə görə keçmiş SSRİ EA Rəyasət Heyətinin Fəxri Fərmanını aldı, ikinci əsəri isə 1973-cü ildə respublikada Dövlət Mükafatına təqdim edildi. Azərbaycan Ensiklopediyasının I-VII cildlərində 100-ə yaxın məqalənin əsas müəlliflərindən biri R.Tarverdiyev olmuşdur. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2 medala, bir sıra fəxri fərmanlara layiq görülmüşdü. Professor R.Tarverdiyev elm fədaisi, görkəmli alim olmaqla yanaşı, gözəl ailə başçısı, qayğıkeş, mehriban ata idi. Övladları Tahir və Müşkünaz onun yolunu davam etdirmiş, ADPU-nun coğrafiya fakultəsində ali təhsil almışlar. Professor Ramazan Tarverdiyev 55 il yaşayıb. 1983-cü ildə ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi.