6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Rayon Tarix-Diyarşünaslıq muzeyində maraqlı bir eksponat-əlyazma surəti saxlanılır... “Cəfərdən Firqana qədər” adlandırılmış bu yazı Navahı kəndinin 10 il əvvəl həyatdan getmiş mərhum sakini, ixtisasca təbib Firqan Qardaşxan oğlunun, əsasən ata-babası, qohum-əqrəbası haqqında, eləcə də doğma kəndi barədə qələmə aldığı yaddaş kitabçası bayazdır. Əlyazma müəllifinin eşitdikləri əsasında yazılana görə, navahılıların ulu babaları XVIII əsrin əvvəllərində “Deşikli daş” deyilən yerdən 5-6 km şərq tərəfdə, dağın dibində- Pir Vəlican yaxınlığında yaşamış, hansısa zəlzələdən sonra indiki Navahının yerinə köçmüşlər. Firqanın eşitdiyinə görə, Navahıda üç dəfə - 1667-71, 1859 və 1902-ci illərdə güclü zəlzələlər olub. Buna qədər həmin ərazidə Nadir şah Əfşar məşhur sarıbuğda əkdirmiş, məhsulu da indiki Navahı stansiyasının cənub-qərbindəki şahlıq quyularında saxlanmışdır. Firqan təbib sünniməzhəb navahılıların aşağıda adları çəkilən məhəllələri-nəsilləri haqqında da maraq doğuran məlumat verir : 

  1. Qarabucaq məhəlləsi
  2. Xalbarrı məhəlləsi
  3. Abdulkərimli məhəlləsi
  4. Məhərrəm uşağı məhəlləsi
  5. Bəylər məhəlləsi
  6. Abılı məhəlləsi
  7. Nəbili məhəlləsi
  8. Nadirli məhəlləsi

Oğlu ilə bahəm 7 nəslindən (ulu babası Cəfər, onun oğlu Qurban, onun oğlu Maşı, onun oğlu Şeyda, onun oğlu Qardaşxan, onun oğlu Firqan, onun da oğlu Fariz) bəhs edən Firqan qardaşımız təxminən iki əsr ərzində həyata gəlib-getmiş yüzlərlə yaxını-doğması haqqında məlumat verir. Həm də bəzilərinin yalnız adını çəkib qohumluq münasibətini bildirməklə ötüb keçirsə, digərlərindən ətraflı danışır. (Bununla da sankikimisinin bu dünyaya, sadəcə olaraq, adını qeyd etdirməyə, kimininsə möhürünü vurmağa gəldiyini demək istəyir...) Mərhum Firqanın babası Şeyda (1959-cu ildə vəfat edib) Rəncbər volost (təqribən bir əsr əvvəl Rusiya imperiyasında inzibati ərazi vahidi) idarəsində katib işləmiş, Navahıda mollalıq etmişdir. Qızı Fatmaya yazdığı şeir bu şəxsin həm də şairlik təbinin olduğunu göstərir.

Qızımın adı Fatmadır,

Qələm qaşları çatmadı,

Gözəllikdə Fatmaya,

Heç bir gözəl çatmadı!

Bir fakt da çox maraqlıdır ki, Şamaxı ruhani məktəbində Şeydanın müəllimi olmuş Hacı Məcid əfəndi vaxtilə Almaniyada müfti dini rütbəsini daşımışdır. Şeydanın atası Maşı (1934-cü ildə vəfat edib) nəslin piri hesab olunur, kürəyinə ilahi əl dəydiyini iddia edən övladları onun evini, ocağını ziyarətgah sayır, bura nəzir-niyaz gətirirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, kəndin mollası olmuş Həbib Əfəndi vəfat etdikdən sonra vəsiyyətinə uyğun olaraq Maşının qəbrinin ayaq tərəfində basdırılmışdır. Həbib Əfəndidən söz açmışkən deyək ki, o, İstanbul Universitetinin ilahiyyat fakultəsini bitirmiş, “Fəna” təxəllüsü ilə şeirlər yazmışdır:

Bu dünya fanidir, fani,

Bu dünyada qalan hanı!

Davud oğlu Süleymanı

Qızıl taxtdan salan dünya!

Xeyli sonralar sovet dövründə, müharibə vaxtı Həbib Əfəndinin qızı Yaxşı 4-5 kq başaq taxıl üstündə tutulmuş və “o gedən olmuşdur”. Firqanın replikası : “Doğrudan da, Həbib Əfəndi, fəna ki, fəna!” Maşının atası Qurban haqqında kötükcəsi Firqan maraqlı bir əhvəlat nəql edir : Ceyran pusqusunda ikəngürzə ilanla qarşılaşan bu qorxmaz insan dizini lənətlənmişin başına basaraq ovuna davam edib. Cəfər nəslinin müharibə iştirakçıları (o cümlədən, Mirzəxan Şeyda oğlu  və Qurban Cəfərqulu oğlu İkinci Dünya SavaşındaKerçdə əsir düşmüş, Avropa ölkələrində diyarbadiyar olmuşlar. Mirzəxan həm də Krakov həbsxanasında yatmış, sonradan keçmiş əsir kimi Kemerovaya sürgün edilmişdir), məşhurları (məsələn, Soltan Əliabbas oğlu 1935-37-ci illərdə Əlibayramlı komsomolunun I katibi işləmiş, sonradan xalq düşməni damğası ilə tutulmuş, Orta Asiyaya sürgün olunmuş, 1955-ci ildə bəraət almışdır) haqqında məlumat verən yazı müəllifi kəndin keçmiş hacılarından Hacı Həmidin, Hacı Əsədin və Hacı Abdullanın da adlarını çəkir. Firqanın öz valideynləri- Qardaşxanla Xəzanın toyu barədə yazdıqları da maraqlıdır. 1946-cı ilin avqustunda olmuş həmin xeyir işi aşıq Qurbanxan oğlu Bilalla birgə aparıb, anası faytonla ər evinə aparılanda gələcəyin aşıq Bilalı deyib ki, “O yazığın duvağını açın, isti onu boğdu...” Əlyazma müəllifi atası haqqında belə yazır : “Bu adamın müdrikliyində acı bibərlə yoğrulmuş bal şirinliyi var.” Əlyazmada vaxtilə işlənmiş, indi isə yaddan çıxmış bəzi şəxs adları elmi maraq doğurur : Qobustan, Nisbət, Xalbar, Abışalı, Sərgül, Güləbəstə, Təbəşir, Çölü, Cınqılı, İdralı, Mağbər, Xəzan, Ötər, Qam və başqa adlar. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində yabançı dilərdə (rus, fars, Türkiyə türkcəsi) təhsil alaraq milli zəmindən ayrılmış və bir-birinə düşmən olmuş qardaşları barışdırmaq və onları əslə-kökə qaytarmaq üçün anaları, öz əri-qardaşların atası tərəfindən tərtib olunmuş bayazın- ailə kitabının köməyinə əl atır. Qardaşların yüzlərlə əcnəbi dili kitabı yandırılır, ortada bircə kitab, doğma ana dilində yazılmış ağ kitab – bayaz qalır. Mərhum Firqan da bu əlyazmanı qələmə almaqla, nəslinin bayazını hazırlamaqla təkcə öz babaları qarşısındakı borcunu yerinə yetirməyib və övladlarını bu işi davam etdirməyə sövq etməyib : “Firqandan sonrasını, arzu edərdim ki, ya Fariz, ya Farizin oğlu, ya da Farizin nəvəsi yazsın!” Firqan bu yazısı ilə həm də bizlərə nümunə göstərib, hər kəsə özünün yeddi arxa dönənini tammalı və tamtmalı olduğunu xatırladıb. O, əlyazmasında özü barədə təvazökarlıqla belə yazır : “Özüm haqda bir onu yazacağam: elə bilirəm ki, bilirəm, amma əslində bilmirəm. Vəssalam”.