6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Görkəmli şəxsiyyətlər
29 İyun , 2015

Qədim Navahı kəndi həm bərəkətli torpaqları, həm də ziyalıları və din xadimləri ilə nəinki ətraf yerlərdə, bütün Azərbaycanda məşhur olub. Şair Mirzə Baxış Nadim, elm və dövlət xadimlərindən Əliağa Məmmədov, Tamella Nəsirova, Dadaş Əliyev, Ağabala Kazımov, Əli Kazımov, Soltan Kazımov, Vahid Məmmədov,Yusif Qasımov, Əşrəf Quliyev, qocaman maarif xadimi Rafiq Rəhimov, hüquqşünas Şahin Atakişiyev, din xadimlərindən Molla Nəcəf Nəcəfov, Şeyx Sadıq Axund, Kərbəlayı Abduləhəd Məcid oğlu, Şeyx Əlimərdan, Bakı Dümasının üzvü Hacı Mövsüm, Mirtağı, iş adamlarından Hacı Rais, Hacı Mirtaliıb və bir çox başqalarını nümunə kimi göstərə bilərik.

Kərbəlayi Abduləhəd Məcid oğlu XIX əsrin axırlarında Navahı kəndində anadan olmuşdur. Məcid kişi əkinçiliklə məşğul olarmış. Abduləhədin yeganə qardaşı Əşrəf ömrünün axırına kimi Navahı kəndində yaşamış və orada da vəfat etmişdir. Əşrəfin 3 övladı olmuşdur- oğlanları İzzət (vəfat etmişdir) və Məhvəd (deyilənə görə Ukraynadadır), qızı Asiya (Bakı şəhərində yaşayır).

Abduləhəd Navahıda Molla Nəcəfin məktəbini bitirdikdən sonra Tehran şəhərinə getmiş və orada Ali dini məktəbdə- Darülfıninda 12 il təhsil almışdır. Onun təhsil almasında böyük xeyriyyəçi H.Z.Tağıyevinköməyi olmuşdur. Qızı Gövhərin dediyinə görə, onların qohumluq əlaqəsi olmuşdur. Deyilənə görə Abduləhəd çox savadlı imiş. İslam elmi ilə yanaşı təbabət, riyaziyyat,astronomiya elmlərinə də yiyələnmişdir. Navahıda yaşadığı müddətdə yerli və qonşu kəndlərdə yaşayanlar səhhətləri ilə bağlı ona tez-tez müraciət edərlərmiş. Buna görə də hələ cavan yaşlarında hamının sevimlisinə çevrilmiş və hörmət əlaməti olaraq ona Ağaxan deyərlərmiş. Hələ çox gənc yaşlarında ikən o, Kərbəla ziyarətində olmuşdur. Hər il ərazinin dindarları yığılıb karvanla Kərbəla ziyarətinə gedərlərmiş. Növbəti dəfə gedəndə Abduləhəd də onlarla getmək istədiyini bildirmişdir. Lakin uşaq olduğu üçün onu özləri ilə götürməmişlər. O da gizlincə karvanın izi ilə getməyə başlayır. Yolda istirahətə dayanan zəvvarlar təsadüfən Abduləhədi ac, susuz və əldən düşmüş halda görmüş və məcbur qalıb özləri ilə aparmışlar. Azərbaycanda Sovet  hakimiyyəti qurulduqdan sonra, 30-cu illərdə repressiya başlandı. Din xadimləri “Vətən xainləri”-nin siyahısında ön sırada idilər. “Din xalq üçün tiryəkdir”, “Din mənəvi araqdır” kimi şüarları altında məscidləri, ziyarətgahları uçurdur, klub tövlə, anbar, yaxşı halda məktəb edir, din xadimlərini həbs edib, mühakiməsiz qətlə yetirir, sürgünlərə yollayırdılar. Navahıda həmin siyahıda ön sırada Şeyx Sadıq Axund və Kərbəlayı Abduləhəd də var idi. Təxminən 1930-cu ildə NKVD Abduləhədin “izinə” düşür. Həmin qorxulu günlərin birində Abduləhədi çox sevən Navahı cavanlarından bir neçə nəfər gecə vaxtı evlərinə gəlib ona xəbərdarlıq edirlər ki, sübh tezdən NKVD əməkdaşları onu aparmağa gələcəklər. Məcburiyyət qarşısında qalan Ağacan ailəsi ilə vidalaşıb həmin adamlarla getmişdir. Kərbəlayı gedərkən həyat yoldaşına tezliklə onları da özü ilə aparmaq üçün adam göndərəcəyini vəd etmişdir. Bələdçilər Abduləhədi gizli yollarla İran ərazisinə keçirdikdən sonra geri qayıtmışlar. Lakin, İranla SSRİ arasında sərhəd rejimi möhkəmləndirildiyi üçün Abduləhəd öz ailəsini İrana apara bilməmişdir. İranda həyat yoldaşı Kərbəlayı Zəhranın bacı və qardaşı yaşayırdı. Abduləhəd onların köməkliyi ilə Tehran yaxınlığındakı Milard kəndində yerləşmiş və orada öz hesabına məscid inşa etdirmişdir. Həmin Məsciddə də ömrünün axırına kimi axundluq etmişdir. Kərbəlayı Abduləhəd axunddan sağlığında məktublar gələrdi. İldə bir və ya iki məktub çox çətinliklə gəlib çatardı. Çünki Stalin repressiyası dövründə İran kimi ölkə ilə məktublaşmaq insanların həyatı bahasına başa gələ bilərdi. Kərbəlayı Abduləhəd təxminən 1904-05-ci illərdə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Kərbəlayı Zəhra Cənubi Azərbaycanda anadan olmuşdur. Əvvəl Navahıda yaşamış, sonradan ailənin böyük oğlu Abdullanın iş yerini dəyişməsi ilə əlaqədar 1932-ci ildə Göyçay rayonuna köçdüyü üçün bütün ailə 1936-1937-ci illərdə həmin rayonda məskunlaşmışdır. Bəlkə də o qorxulu illərin xofu onları doğma yurdlarından didərgin salmışdır. Kərbəlayı Zəhra ömrünün axırına qədər Göyçayda yaşamış, 1967-ci ildə vəfat etmiş və yerli qəbristanlıqda dəfn edilmişdir. Kərbəlayı Abduləhəd və Kərbəlayı Zəhranın 6 övladı olmuşdur.

Abdullayev Abdulla - 1906-1964

Abdullayev Ruhulla - 1911-1974

Abdullayeva Məsmə - 1918-1963

Abdullayeva Hökumə - 1922 -1983

Abdullayeva (Əliyeva) Gövhər - 1924-1999

Abdullayev Yusif – 1926-1999

Məsmə Sumqayıt şəhərində, digərləri Göyçay şəhərində dəfn olunmuşdur. Sərhədlərin bir daha açılmayacağı məlum olduqdan sonra Abduləhəd İranda yenidən evlənmiş (daha doğrusu, Kərbəlayı Zəhranın İrandakı bacısı onu evləndirmişdir) və dörd qız övladı dünyaya gəlmişdir : Fatimə, Məryəm, İsmət, Bətul. Onlar hal-hazırda öz ailələri ilə İranın Tehran şəhəri yaxınlığındakı Şəhriyar və Milard qəsəbələrində yaşayırlar. Sonda bu məlumatları bizə təqdim edən Kərbəlayı Abduləhədin kiçik oğlu Yusifin oğlu, babasının adını daşıyan Abduləhəd Abdullayevə minnətdarlıq edirik. MÜBARİZ XƏLİLOV