6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Azərbaycanlıların soyqırımı
29 İyun , 2015

1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və qəzasının azərbaycanlılar yaşayan kəndlərində bolşevik-daşnak qüvvələrinin törətdikləri qanlı cinayətlər haqqında  Cümhuriyyət Hökumətinin 1918-ci ilin iyul ayının 15-də yaratdığı Fövqəladə  Tədqiqat Komissiyasının topladığı 7 cild və 925 səhifədən ibarət istintaq materiallarındakı yüzlərlə arayış və məruzələr, şahid ifadələri və digər sənədlər  ermənilərin azərbaycanlılar yaşayan kəndlərdə törətdikləri vəhşilikləri aydın və təkzibolunmaz şəkildə sübut edir. Həmin illərdə təkcə Hacıqabul rayonundan minlərlə azərbaycanlı qanına qəltan edilmişdir.  Siyahıda 17 kənd göstərilmişdir. Bu kəndlərdən biri də Abdulyan (indiki Abdulabad) kəndidir. Fövqəladə Tədqiqat Komissiyasının aktına görə Abdulyanda (Abdulabad) 90 nəfər qətlə yetirilib: 50 kişi, 25 uşaq, 15 qadın. Evlər talan edilib. 300 başdan çox mal-qara aparılıb. Ümumiyyətlə 250 min manatdan çox ziyan vurulub. Ermənilər şamaxı qəzasının digər kəndlərində olduğu kimi, Abdulabadda da dəhşətli qırğınlar törədiblər. Onlar Qarasuda su vuran stansiyada yerləşiblər. Və buradan da kəndə hücum ediblər. Əgər əhali qayıqlar vasitəsi ilə Ətcələr kəndinə keçə bilməsəydi, qırğın daha da çox ola bilərdi. Ermənilərin təcavüz əməliyyatı Novruz bayramı ərəfəsində başlanmışdı. Abdulabadın kiçik özünümüdafiə dəstəsi ermənilərə qarşı qəhrəmancasına göstərsə də, qüvvələr nisbəti bərabər olmadığından, ermənilər suvurma məntəqəsini ("Vodokaçka"nı) ələ keçirə bilmişlər. Artıq kənd əhalisi Kür çayının sağ sahilinə keçdiyi üçün tələfat az olmuşdur. İmkan tapıb keçə bilməyənləri qətlə yetirmiş və evlərə od vurub yandırmışlar. Bəziləri gecənin qaranlığından istifadə edərək qaçıb meşədə gizlənmişlər. Ermənilər onları meşədən çıxarmaq üçün meşəyə də od vurub yandırmışlar. Sağ qlanlar yandıqlarını görüb ermənilərə təslim olublar. Fövqəladə Tədqiqat Komissiyasının məlumatında qeyd olunurdu ki, Abdulabadda ermənilər kişi, qadın və uşaqları xüsusi qəddarlıqla, əzab-işgəncə ilə qolları, qıçları, burun və qulaqları kəsməklə, gözləri çıxarmaqla, qarınları yarmaqla qətlə yetirmişlər. Qaynar samovarları insanların kürəklərinə bağlayıb buna tamaşa edərək həzz alırmışlar. Bir sözlə ermənilərin Abdulabadda (Abdulyan) törətdiyi vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, bədnam "azərbaycanlılarsız Ermənistan" kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətindən xəbər verirdi. Ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq və Azərbaycan xalqının müstəqilliyini qorumaq üçün Osmanlı Türkiyəsi və Azərbaycan Silahlı Qüvvələrindən Qafqaz İslam Ordusu təşkil olunub. Həmin ordunun tərkibində Abdulyan kənd sakinlərindən bir neçə nəfər də iştirak edirdi. QİO-nun hücumu nəticəsində erməni daşnaqları qüvvələrinin qarşısı alındı və ermənilər ərazidən qovulub çıxarıldı.