6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Azərbaycanlıların soyqırımı
29 İyun , 2015

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, komanda və şəxsi heyətinin xeylisi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər. Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı faciəsi də insanlıq tarixinə düşmüş qanlı olaydır. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyildir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni cəlladlarının törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsil soyqırımı kimi tanıdığı və yuxarıda adı çəkilən faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər. Xocalı faciəsindən danışarkən o zamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir. Xocalı faciəsi haqqında xarici mətbuatın yazdıqlarından: "Krua I Eveneman" jurnalı (Paris), fevral 1992-ci il: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu"  “Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çöxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.“Faynənşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”. “Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”. “İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. “Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək, Qarabağdakı azərbaycanlıları məhv etmişlər”. R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Həmin gün bütün Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz.