6 saylı Navahı kənd kitabxana filialı

6 saylı Navahı kənd kitabxana filialı
Haqqımızda
29 İyun , 2015

İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Çünki informasiya cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. Əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə reallaşır. Bloqlar kimi, forumlar, virtual cəmiyyətlər, sosial və bərabərhüquqlu şəbəkələr(P2P),elektron mitinqlər və s. insanlara sərbəst, azad və maneəsiz toplaşmaq hüququnu reallaşdırmağa imkan yaradır. Veb-saytlar və sosial şəbəkələr insanların dinc yığıncaqlar keçirmək və assosiasiyalar yaratmaq hüququnu reallaşdırmağa şərait yaradır. Dialoq mitinqlərinin və vətəndaş qruplarının görüşlərinin təşkilində bu və ya digər baş verə biləcək problemlərin qarşısının alınmasında da veb-saytlar və sosial şəbəkələrin rolu böyük önəm daşıya bilər. Burada hər bir iştirakçı tərəf öz ideya və təkliflərini bölüşüb, konkret tələb və iddialarla çıxış etmək hüququna malikdir. Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək, öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir. İKT vasitələri vətəndaşların müxtəlif informasiyalara əlyetərliliyi, onların siyasi qərarların qəbulunda iştirakını və dövlətin fəaliyyətinə nəzarət etməsi imkanlarını artırır. Bu hüquqların reallaşma vasitələri kimi demokratik institutların elektronlaşması, elektron dövlətin, elektron parlamentin və elektron məhkəmə sisteminin qurulmasını göstərmək olar. Hər bir insanın heç bir ayrı-seçkiliyə məruz qalmadan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli əmək şəraitinə malik olmaq hüququ vardır. Əgər sənaye cəmiyyətində iş yerlərində fiziki güclə çalışan ağır və böyük dəzgahlar istifadə edilirdisə, informasiya cəmiyyətində onların yerini kompüterlər, sadə əməyi yüngülləşdirən texnologiyalardan istifadə edilir. Artıq kompüter qarşısında əyləşən intellektual insanın qadın və ya kişi olması heç bir önəm daşımır. Kişi və qadın bərabərsizliyi aradan qalxmış olur. İnformasiya cəmiyyətində əməyin xarakteri dəyişir, yeni əmək münasibətləri formalaşır. Distant əmək və ya frilans (freelance) adlanan yeni işçi qrupları formalaşır. Hər bir insan təhsil almaq hüququna malikdir və bu imkanlar hamı üçün münasib olmalıdır. Təhsil şəxsiyyətin inkişafına, insan hüquqlarına, əsas hüquq və azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Sənaye cəmiyyətindəki ənənəvi təhsil sisteminin yerini informasiya cəmiyyətində innovativ təhsil, təhsilin fərdiləşməsi, fasiləsizliyi, zaman, məkan məhdudiyyətini aradan qaldıran distant təhsil sistemi tutmaqdadır.