14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Rayon haqqında
30 İyun , 2015

Ölkəmizin Ağdərə, Quba, İsmayıllı, Şəmkir, Ağdam, Şamaxı və s. rayonlarında, həmçinin bugünkü Ermənistanın keçmiş Kərkibasar rayonunda olduğu kimi, bizim rayonda da Talış adlı kənd vardır.

İran dilləri qrupuna daxil olan və talış adlı xüsusi dilə (daha doğrusu, ləhcəyə) malik Astara, Lənkəran və Masallı şivələrində danışan talışlar, əsasən, Lənkəran bölgəsində yaşayırlar. Haqqında söhbət açacağımız türkdilli ərazisindəki eyni adlı kəndin irandilli Talış ərazisi ilə necə əlaqəsi olduğu oxucularda təəccüb doğura bilər.  Bəlkə də bir vaxt irandilli talışlar türkdilli tayfaların tərkibinə daxil olmuş və necə deyərlər, dilləri onların içərisində ərimiş, yalnız Talış etnoniminin adı “yadigar” qalmışdır?...

Tarixin keçmiş səhifələrindən öyrənirik ki, təəccübə səbəb XV-XVI əsrlərdə baş vermiş  siyasi hadisələrdir. O vaxtlar türkdilli qızılbaş tayfalarının tərkibində talışlar da olmuşdur. Amma bu tayfanın hansı dil qrupuna mənsub olduğu mübahisəlidir.  Faruq Sümər bu barədə yazır : “Əskidən bəri Gəncə və Bərdə bölgəsində yaşayan qaramanlılar və talışlardan bir hissə Səfəvi dövlətinin qurulmasında iştirak etmişdir. (“Oğuzlar”, Bakı. 1992. Səh. 164). Onlar Səfəvi şahlarından Azərbaycanın müxtəlif zonalarında torpaq sahəsi alaraq məskunlaşmış və eyni adlı Talış yaşayış məntəqələri yaratmışdır. Beləliklə, talışdillioykonimlər qədim ərazidə qalmaqla yanaşı, bir neçə türkdilli “Talış”lar meydana gəlmişdir. Hətta XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində Xəmsə mahalına daxil olan Talış məlikliyi özünün müstəqilliyini elan etmişdir. Ağdərə bölgəsindəki Talışda isə XII əsrə aid Urek məbədindən danışılır.

Bir məlumatı da xüsusi qeyd etmək istərdik ki, XIX əsrdə Cavad qəzasında da 63 ailədən ibarət türkdilli Talış tayfa birliyi yaşamışdır. Olsun ki, bu gün rayonumuzun tərkibindəki Talış toponimi onların xələfidir. Böyük Sovet Ensiklopediyasında belə bir yazı getmişdir: “Şirvanşahların zamanında talış yaşayış məntəqələri dil cəhətdən qohum tatlara yaxınlaşmaqla uzaq şimala qədər yayılmışdı. Kişi əhalinin əksəriyyəti Azərbaycan-türk dilini bilməklə ikidilli idi.” (BSE, c. 53, Moskva. 1946,səh.515) Bu cümlələrin həqiqət olduğunu qəbul edə bilərik. Lakin bizim Talışda əsrlərlə bir adamın iki dildə (talış və türk) danışdığını təsdiq edənşəxs və sənəd tapılmaz. Deməli, Talış sözünün etimologiyası ayrıca bir bəhsdir. Nə etmək olar... Görünür bu da tarixin hansı dövründəsə vurulmuş bir düyündür ki, bunu açmaq lazımdır. Yalnız bir “seçmə”dəki yazılarla düyünün açılmasına kömək edə bilərik. Rəşid bəy İsmayılovun fikrincə, Hülaki xan 700 il (?) bundan qabaq moğollardan bir dəstə adamı Talış mahalına köçürülmüş, indiki Türkoba, Topara məhəllə və s. onlardan qalmadır. Olsun ki, haqqında danışılan Talış kəndinin camaatı da onların varisləridir.

Bir mənbədə oxuyuruq: “XV əsrin axırında əvvəllər Ermənistanda Sevan gölü yaxınlığında yaşayan Ağqoyunlu (Qacar) birləşməsinin tərkibində olmuş bir sıra tayfalar qızılbaşlar sırasına qoşuldu: baharlı- Qaraqoyunlu birləşməsinin qalığı, eləcə də bayat, alpout, əsirli, qazaxlı və b. XVI əsrin əvvəlində qızılbaşların tərkibində qaradağlı, türkmən, talış, cəyirli, bayburdlular var idi. (Q.A.Qeybullayev. “Azərbaycan toponimikası” (rus dilində), Bakı, 1986, səh.55)

Bəziləri deyir ki, talış sözünün mənası “bataqlıq” deməkdir. Bunun nə dərəcədə düzgün olduğunu hələlik deyə bilmirik, amma Talış etnonimi  qədim erməni yazılarında Talış, ərəb işğalçılarının tarix kitablarında ət-təlasan, fars tələffüzündə isə Talişan kimi işlədilmişdir. Talış vaxtilə Gilan vilayətinin bir dairəsi olmuşdur. Qəribə də olsa, “Talışim”-Tundra gölünün uzaq şimalda səslənməsi təəccüb doğurmaya bilməz. Bu haqda E.M. Murzayevin 1974-cü ildə Moskvada buraxılmış “Oçerki toponimiki” (“Toponimiki oçerkləri”) əsərinin 137-ci səhifəsinə baxmaq olar.

Talış sözü açılmayınca onun haqqında yazılmış tarixi yazıların hansı talışlara aid olduğu da mübahisə doğurur. Məsələn: Yazırlar ki, Talış kişiləri həmişə silahlı idilər. Hərəsinin evində tüfəngdən əlavə qılınc və tapança da olurdu. Talış əfsanələrində deyilir ki, qədim zamanlarda Talış şahlığı qadınların əlində imiş. O qadınlar o qədər cürətli və məharətli imişlər ki, yırtıcı heyvanlardan belə qorxmur, onları ya öldürür, ya da ram etdirmişlər. Özü də bu sözləri bizə “Xacə şah” əsərinin müəllifi fransız Jan Gever deyir. Məncə, bu xüsusiyyətləri türkdilli talış qadınlarının ünvanına demək olar.

Belə deyirlər ki, Cənubi Azərbaycanın Talış mahalının türkləri türkləşmiş talışlardır. Tarixən bilirik ki, Kaspi qapılarında, yəni Azərbaycanın şimal hissəsində dəniz boyunda olan tatlar bilavasitə talışlarla mərbut olurdular. Fəqət bu məcburiyyəti türk qəbilələri araya girib kəsdilər və ya iki həmcins tayfalar qismən dağlara çəkilməyə, qismən də türkləşməyə məcbur oldular. (Baharlı- “Azərbaycan”, 1993, səh.54) Bəlkə də, bu günkü türkdilli talışlar yuxarıda deyilənlərin yadigarıdır? Bəlkə bu faktı təsdiq edən Rəşidbəy İsmayılov da “Azərbaycan tarixi” 1993 kitabının 23-cü səhifəsində talış tayfasını “Talışın” şəklində işlətmişdir. Lakin “Türkün qızıl kitabı”nda II hissə, 1993 belə cümləyə də rast gəlirik: “Kumanlar...1080-ci ilədək...Balxaş gölü və Talış irmağı ilə Dunay çayının ağzına qədər yayılırdı.” səh.166. Görünür, Talış məfhumunun əvvəlləri barədə daha çox axtarış aparmaq lazımdır... Bəli, “Talış” sözünün izi ilə daha qədimlərə nəzər salmaq lazımdır.

Bizim Talış camaatı da qonşuları kimi daim inkişafda, irəliləməkdə olublar. 1920-ci illərdə Talışda ilk məktəb binası şagirdləri öz qoynuna alıb. İkinci məktəb binası 1952-ci ildə tikilib. Hal-hazırda mövcud olan məktəb binası-ikimərtəbəli daş bina isə 1973-cü ildə tikilib. İlk direktoru da Məşədi İmanqulu müəllim olub. Hal-hazırda müasir standartlara cavab verən Talış kənd tam orta məktəbi rayonun qabaqcıl təhsil ocaqlarından biridir. Talışın keçmişdə hörmətli ağsaqqalları, nüfuzlu adamları da olub. Bunlardan Umud bəyi xatırlamaq olar. Umud bəy haqqında bir neçə cümlə : Mərhum Umud kişi həm Məşhəd, həm Kərbəla, həm də Kəbə ziyarətində olsa da,ona yalnız Kalba Umud və ya sadəcə Umud bəy deyərdilər. Umud bəyin atası Zeynal kişi 5 qardaşı ilə birlikdə Quba xanı Fətəli xanın müharibələri dövründə 1758-1789 şimaldan-Şamaxı tərəfdən gəlmişdir. Qardaşlar bir-birindən ayrı düşmüş, Zeynal kişi indiki Talış kəndində məskunlaşmışdır.

Sovet dövründə Umud bəyi “kulak” qolçomaq adı ilə həbs ediblər. Sonra həbsdən azad edilib... 30-cu illərdə Talış kəndində rəhmətə gedib. Orada da dəfn edilib.. Talışda Kür sahilindəki tuğay bu gün də “Umud tuğayı” və ya “Umud meşəsi” adlanır. Umud bəy 1918-ci ildə Azərbaycana basqın edən ermənilərə qarşı döyüşlərin-vuruşanların ön cərgəsində olub...deyirlər, Umud bəy “Talış” toponiminin mənasını “qorxmaz, igid” kimi izah edirmiş-talışlara təlli deyərlər, qorxmaz deyərlər-deyərmiş. Burada ərəblərin “ət-təyləsan” ifadəsi yada düşür. Bir gün Umud bəyin nəvəsi Umud müəllim ekoloji baxımdan korlanmış “Umud meşəsinə” baba irsi kimi sahiblənmək və oranı abadlaşdırmaq istəyir.

Talışda “Atqıran” adlı bir sahə vardır, deyirlər, burada hansı bəyinsə atları qırılıb. Bununla əlaqədar olaraq həmin yer “Atqıran” adlanıb. Kim bilir, bəlkə, qırılan atlar elə Umud bəyə məxsusmuş?...Nə isə, bütün bunlar keçmişin dumanlıqlarında qalmışdır.

Bizim Talış kəndi son vaxtlara qədər ana Kürün sahilində kiçik kəndlərdən biri idi. Bakının milyonyarımlıq əhalisinin durmadan artdığını və suya böyük ehtiyac duyulduğunu nəzərə alaraq bu kəndin yanında böyük su nasosları, su duruldan anbarlar və s. quraşdırıldı. Kəndə dəmir yolu, telefon və elektrik xətləri çəkildi; bir neçə ikimərtəbəli daş bina tikildi... Kənd böyüdü, abadlaşdı! Əhali bir qədər artdı. O məşhurlaşdı! İndi Bakıya təbiət hava kimi, bizim Talış isə su kimi lazımdır. Bu gün Talış kəndi Azərbaycanın şərq hissəsi üçün “su arteriyasının şah damarına” bənzəyir. Bugünki Talışın parlaq gələcəyini görmək mümkündür. Talış Su Kəməri İdarəsi nəzdindəki “Durultma” adlı lahiyədə sudan yığılan lildən düzgün istifadə olunaraq ondan təbii gübrədən çox kaolin kimi istifadə oluna bilər ki, bunun nəticəsində Talışda onun ətrafında saxsı qablar və ya kərpic zavodu da yaradıla bilər. Beləliklə, də Talış kəndi öz simasını 180 dərəcə döndərə bilər-kənd qəsəbəyə çevrilə bilər. (Hüseyn İsayev)