14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Azərbaycan dövlət rəmzləri və atributları
30 İyun , 2015

Azərbaycan Respublikasının Dövlət gerbi onun dövlət müstəqilliyinin müqəddəs atributlarından, rəmzlərindən biridir. Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır. Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində dövlət gerbi haqqında qərar qəbul edilməmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Azərbaycan Respublikasının Dövlət gerbi bütün dövlət orqanlarının möhürlərində, Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında, dövlət orqanlarının sənədlərinin blanklarında, kağız və metal pul nişanlarında, qiymətli kağızlarda, dövlət istiqraz vərəqələrində, Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində, Dövlət sərhəd nişanlarında təsvir olunan fərqləndirici nişanıdır. Dövlət gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə, Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə, bütün məhkəmələrin, hərbi tribunalların binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına, Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur. Milli dövlət müstəqilliyimizin mühüm atributlardan olan gerbə hörmət və ehtiramla yanaşmaq, onun rəngli və ağ-qara təsvirinin verilməsində mövcud qanunvericilik aktlarının tələblərinə əməl etmək  hər  bir  Azərbaycan vətəndaşının,  eləcə də, dövlət  təşkilatının borcudur.