14 saylı Talış kənd kitabxana filialı

14 saylı Talış kənd kitabxana filialı
Azərbaycan dövlət rəmzləri və atributları
30 İyun , 2015

28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan olunduqdan və Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Dövlət bayrağı Dövlət gerbi ilə bərabər Dövlət himninin yaradılması və qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdi. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin və dövlət gerbinin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməmişdi. 1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə 2 mart 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

Dövlət himni 

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır 

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!

 

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!

 

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

 

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdı!
Şanlı Vətən!
Şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman, dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında, Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı, dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən, Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən ifa olunur. Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.