2 saylı Bankə qəsəbə kitabxana filialı

2 saylı Bankə qəsəbə kitabxana filialı
Dağlıq Qarabağ münaqişəsi
1 Sentyabr , 2015

Əbülfəz Cəfərov 1966-cı ildə Bankə qəsəbəsində anadan olmuş, orta təhsilini burada başa vurmuşdur. Balıqçı gəmisində işləsə də şeirin vurğunu idi. Hərdən yazmağı da vardı. Bir vaxt şeir dəftərini bu sətirlərin müəllifinə də göstərmişdi. Tənqid də eşitmişdi, təqdiredici söz də... Lakin dözmüşdü, nəticə çıxarmışdı. Qələmə daha həvəslə sarılmışdı... Bir gün dözmədi...1990-cı ilin 25 yanvarında rayon mərkəzinə gəldi. İmperiya hərbiçiləri ilə qarşılaşdı. Onların azadlıq mübarizlərinə necə divan tutduqlarını öz gözləri ilə gördü. Ələ keçənləri şəhər hamamına yığıb tankların, BTR-lərin gurultusu altında işgəncə verirdilər ki, çığırtılarını, iniltilərini eşidən olmasın. Bu acı mənzərəni görən Əbülfəz özünü saxlaya bilmədi, hərbiçilərin üzərinə əliyalın atıldı. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaraladılar. Barmağından üzüyünü çıxarıb, qolundan satını açdılar. Cəlladlar aldıqları əmrə əsasən tutulmuş günahsız müqəssirləri Bakıya gətirməli idilər. Yaralarından qan daman Əbülfəz də onların arasında idi. Təyyarə Xəzər dənizinin üzərində ikən 2 il 2 ay nişanlı qalan, toy tədarükü görən 24 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə "Əlvida" dedi... Əbülfəz Cəfərov ölümündən sonra "Azadlıq yolunda mübariz" fəxri adına layiq görülmüş, oxuduğu məktəbə onun adı verilmişdir.