2 saylı Bankə qəsəbə kitabxana filialı

2 saylı Bankə qəsəbə kitabxana filialı
Tədbirlər
6 Noyabr , 2015

06.11.2015-ci il tarixində Neftçala rayon MKS-in Bankə 1 saylı qəsəbə kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Rövşən Ağamalıyevin ailəsi ilə görüş keçirmişdir. Şəhidin atası Baloğlan Ağamalıyev kitabxana işçilərini böyük qonaqpərvərliklə qarşıladı, oğlu haqqında onlara məlumat verdi. Rövşən Ağamalıyev 1975-ci il sentyabr ayının 7-də Bankə qəsəbəsində anadan olmuşdur. Bankədəki 1 №li orta məktəbi bitirdikdən sonra, təhsilini Neftçala rayonundakı 151 saylı texniki peşə məktəbində davam etdirmişdir. Rövşən uşaq vaxtı çox nadinc idi, bir yerdə dayanmırdı. 16 yaşı tamam olmamış üç yoldaşı ilə gizli qaçıb Zəngilana getmişdi. Oradan geri qaytarmışdılar. 1993-cü il 24 sentyabrda "Gündoğar" qəzetində bu barədə məqalə də yazılmışdı. Özü də cəbhəyə gedəndə əliboş getməmişdi. Evdən ət konservi, yod, tənzif, siqaret, kibrit, termometr - bir sözlə, gözünə nə görünmüşdüsə, yığıb getmişdi cəbhəyə. 1993-cü il aprel ayının 1-də hərbi xidmətə yola düşmüşdür. 1993-cü il 23 iyulda Ağdam raronundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücum etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş, düşmən piyadalarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəliləməsinin qarşısını almışdır və sonda qəhrəmanlıqla həlak olmuşdur. Od parçası idi, ata-anasına dayaq idi. O gedəndən ev suyu sovrulmuş dəyirmana bənzəyir... Görüşdə iştirak edən məktəblilər Hüseynova Yaxşıxanım, Babayeva Mülayim, Ağayeva Xumar, Hüseynov Hikmət, Hüseyinov Süleyman, Hüseynova Ayşən, Xantəmirov Elvin Baloğlan kişinin oğlu haqqında danışdıqlarına diqqətlə qulaq asıb, suallar verdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hər bir vətən övladı kimi Rövşən Ağamalıyevin də xatirəsi hər birimiz üçün əziz və müqəddəsdir. "Rövşən" adının mənası "işıq" deməkdir. Rövşən öz ölümü ilə bunu bir daha sübut etdi. Son nəfəsində də işıq saçaraq xalqımızın azadlıq yolunu bir daha işıqlandırdı. Baloğlan kişi şəhidlərimizi unutmadıqları, yad edib gəldikləri üçün kitabxana işçilərinə öz dərin minnətdarlığını bildirdi. Sonda şəhid atası Rövşən haqqında çap olunmuş kitabı kitabxanaya hədiyyə etdi.