1 saylı filial (M.Ə.Sabir adına kitabxana)

1 saylı filial
Xəbərlər
18 May , 2019

Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Xalqın mənəvi xəzinəsinin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.

Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olmuşdur. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz ərazisində də qiymətli abidələr inşa olunmuşdur. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) dünya və Şərq memarlığının ən gözəl incilərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyev tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər həyata keçirir. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" tarix-etnoqrafiya qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" tarix mədəniyyət qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah" tarix-memarlıq qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1505 ədəd yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.