2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Xəbərlər
30 Avqust , 2015

       Əmiraslan Rza oğlu Əliyev 1960-cı il avqust ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur.

       1967-1977-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbdə təhsil almışdır.

       1977-1979-cu illərdə Naxçıvan Şərabçılıq zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir.

       1981-1982-ci illərdə Naxçıvan Şüşə Qablar zavodunda, 1982-1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamış, 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarixfilologiya fakültəsində təhsil almışdır.

       1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Nümunəvi xidmətlərinə görə Əmiraslan Əliyev qərərgahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur. Baş leytenant Əmiraslan Əliyev xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri fərmanla təltif edilmişdir.

       Əmiraslan Əliyev 17 mart 1995-ci ildə Mart hadisələri zamanı Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında qəhrəmancasına həlak olmuşdur.

       Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

       Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

       “N” saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. “N” saylı sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilmişdir.