2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
12 Noyabr , 2015

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Sabunçu rayon MKS-nin 2 saylı filialında 67 saylı məktəbin şagirdləri ilə birlikdə Konstitusiya günü münasibəti ilə “12 Noyabr – Konstitusiya günü” başlıqlı sərgi düzəldildi.

Konstitusiya – dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur. Müstəqil dövlətimizin ilk konstitusiyası 12 noyabr 1995 –ci il tarixində referendum yolu ilə qəbul edilmişdir. Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Ona görə də ümumilli lider Heydər Əliyevi müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradıcısı hesab etməyə mənəvi haqqımız vardır. Hüquqi dövlətin əsas atributlarından biri olan konstitusiyalar, demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün lazımi olan bütün ideya və dəyərlər Azərbaycan Konstitusiyasında əksini tapmış, bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərlərdən olan insan hüquqları və azadlıqları və onların təminatları təsbit edilmişdir. 

Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Konstitusiyaların başlıca hüquqi əlaməti onun stabilliyidir, başqa sözlə Konstitusiya – məzmununun sabitliyi olan, uzunmüddətli fəaliyyətə malik aktdır. Konstitusiyanın stabilliyi qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. 

Azərbaycan Respublikası Konstitusiyasının müəllifi, ulu öndər Heydər Əliyev demişdir: “Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmə və onun verdiyi təlimatlardan bəhrələnməkdən ibarətdir. Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi , dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”. Odurki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməli, Konstitusiya və qanunlara hörmətlə yanaşmalı və dönmədən əməl etməlidir.