2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
19 Yanvar , 2016

Sabunçu rayon MKS –nin 2 saylı filialında 10 №li peşə məktəbinin tələbələri ilə birlikdə 20 yanvar faciəsinin 26 illiyi münasibəti ilə “Tarixdə tarix tək qalan bir gecə” adlı sərgi düzəldildi, "Şəhidlər Vətənin qələbə rəmzi" adlı söhbət keçirildi. Söhbəti giriş sözü ilə filialın müdiri Türkinaz xanım açdı:

1 dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi.

Şəhidi qocaltmaz illərin yaşı
Şəhid yatan torpaq oyaqdır yatmaz

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 26 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır.

Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. 

O məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 -cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq  kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu.

20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi. Ona görə də bu gün biz həmişə qəm, kədər içində oluruq. Amma eyni zamanda böyük qürur hissi keçiririk ki, xalqımız qəhrəman xalqdır, əyilməz xalqdır, sınmaz xalqdır

O qanlı  gecədə atılan güllə,
Qaranlıq küçəyə işıq saçırdı.
Azadlıq təşnəsi mənim millətim,
Zəncirə bağlanmış qolun açırdı.

 

 

Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü.
Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.

Ulu öndər 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı.

Şəhidlər heç vaxt unudulmur, onlar həmişə qərar tutduqları uca zirvədə bugünkü gəncliyi sabah daha qüdrətli, mübariz olmağa səslədilər.

Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir bu məğrur səsi.
Şəhidlər - Vətənin qələbə rəmzi,
Şəhid oğulları Vətən yaşadır!

...O Qanlı Yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda  mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur.

Heydər ƏLİYEV
Ümummilli lider