2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
14 İyun , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə “Tarixin dönüş anı” başlıqlı sərgi  təşkil edildi, filialın işçiləri 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Tarixin dönüş anı” başlığı altında tədbir keçirdilər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıldı.

Tədbiri giriş sözü ilə məktəbin direktoru N. Mirzəyeva açdı.

 Sonra söz filialın müdiri T. İsmayılovaya verildi.

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Heydər Əliyev zəkasının şah əsəri olan Azərbaycan bu gün dünyanın sayılıb- seçilən dövlətlərindən biri, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu dövlətin dahi qurucusu Heydər Əliyevin özü isə milli dövlətçiliyimizin mənəvi atasıdır.

Azərbaycan xalqı öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Bütün sahələrdə dinamik inkişaf, işgüzarlıq müşahidə edilir. Yorulmadan xalqın maraq və mənafeləri, firəvan yaşayışı, təhlükəsizliyi uğrunda mübarizə aparan liderin - Prezident İlham Əliyevin Heydər Əliyev dövlətçilik irsini uğurla davam etdirəcəyi danılmaz həqiqətdir.

Sonda şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər.

Foto Qalereya