2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
5 May , 2017

5 may tarixində Sabunçu rayon MKS–nin 2 saylı filialında Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar 215 saylı məktəbin şagirdləri ilə birlikdə Darıxan yurdum mənim başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri E. Məmmədova açdı:

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq 25 ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz 25 ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

Xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir.

Şuşa həm də Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Yer üzündə analoqu olmayan səslər muzeyidir.

Şuşa haqqında yüzlərlə şeir yazılıb, bayatılar qoşulub. Bu poetik nümunələrdə əfsanəvi Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə arxa olaraq baş-başa verən Bağrıqan, Kirs, Qırxqız dağları vəsf olunub. Məhəbbət və ilhamın vəhdətindən doğan bu şeirlərdə Şuşa özü bir möhtəşəm obraz kimi seçilib:

Anam Qarabağın zinəti olub,
Başını tac kimi bəzəyir Şuşa.
Dağlar zirvəsində xəyala dalıb,
Dincələn qartala bənzəyir Şuşa.

Bizi sevindirən, ucaldan Tanrı xalqımızı elə bu ağır sınağa bəlkə də ona görə çəkib ki, sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliyimizlə, Şuşaya əbədi bağlılığımızla qalib çıxaq. Bir daha düşmənə kimliyimizi göstərək. "Tərlan oylağında sar ola bilməz"

Biz inanırıq ki, tezliklə Şuşa həsrətimizə son qoyulacaqdır.

Foto Qalereya