2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
18 İyun , 2019

18 iyun tarixində Bakı Şəhər Mədəniyyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin 2 saylı filialı kitabxananın fəal oxucuları ilə birlikdə Azərbaycanda İnsan Hüquqları günü münasibəti ilə “İnsan hüquqlarının qorunması” adlı söhbət keçirib.

İlk öncə  filialın müdiri T.İsmayılova insan hüquqları haqqında ətraflı danışaraq  qeyd edib ki, hər il iyunun 18-i Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə Sərəncam imzalayıb.

Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır.

Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. İnsan hüquqları tarixən bəşəriyyətin can atdığı ən ali ideallardan olmuş, insanlığın azad, firavan və layiqli cəmiyyətə qovuşmaq istəyini təcəssüm etdirmişdir.

Ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində hamımız birgə çalışmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Sonra söz oxuculara verildi.

Foto Qalereya