2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
21 İyun , 2019

21  iyun tarixində  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin  2 saylı filialı maarifçi, alim, şair Abbasqulu ağa Bakıxanovun 125 illiyi münasibəti ilə   kitabxananın fəal oxucuları ilə birlikdə “Ömrün ötən, itirilməyən illəri” adlı sərgi qarşısında söhbət keçirib.

İlk öncə şöbə müdiri  E.Məmmədova  oxuculara məlumat verib ki, Azərbaycanın elm xadimləri içərisində Abbasqulu Ağa Bakıxanovun özünəməxsus yeri vardır. O, ensiklopedik biliyə malik olub, tarix, dil-ədəbiyyat, coğrafıya, fəlsəfə, məntiq, astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir. A.A.Bakıxanovun həyatı, fəaliyyəti və əsərləri görkəmli alimlərimiz tərəfindən tədqiq olunmuş, haqqında kitablar nəşr edilmişdir.

Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən birində yaşamışdır. Tarixçi kimi fəaliyyətinə görə bu şəxsiyyəti “Azərbaycan tarix elminin atası” da adlandırırlar. Başqa sözlə desək, Herodot dünya tarixi üçün hansı mövqedə dayanırsa, Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixi üçün həmin mövqedə dayanır. Herodotun “Tarix” əsəri dünya tarixi üçün nə qədər əhəmiyyətlidirsə, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Azərbaycan tarixi üçün o qədər əhəmiyyətli bir əsərdir.

Azərbaycan maarifçiliyinin ilk üç nümayəndəsindən biri hesab edilən Abbasqulu ağa Bakıxanovun “Qanuni-Qüdsi”, “Əsrarül-məlaküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərləri onun dil, coğrafiya, astronomiya, məntiq, psixologiya və sair elmləri gözəl bilən ensiklopedik bir mütəfəkkir olduğunu göstərməkdədir.

A.Bakıxanovun yaradıcılığı böyüməkdə olan nəslin tərbiyəsi üçün zəngin material verir. Abbasqulu ağa Bakıxanovun həyatı, yaradıcılığı, əsərləri dərindən öyrənilməli, təbliğ olunmalı və öyrədilməlidir. 

Foto Qalereya