2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
23 İyul , 2019

İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Ağdam rayonunun işğalı günü ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birgə “Ağ günlərimizin qara çözümü” başlıqlı sərgi və söhbət keçirib.
İlk olaraq Abonement bölməsinin müdiri S.Əliyeva oxuculara Ağdam haqqında ətraflı məlumat verərək qeyd edib ki, daşı daş üstə qalmayan Ağdam 26 ildir ki, erməni tapdağındadır. İşğal olunub, yağmalanmış hər bir ev–eşik, şəhid olmuş, fiziki imkanları məhdudlaşmiş, məcburi köçkünə çevrilmiş insanların taleyi nəinki bir ailənin, böyük bir nəslin, bütün ağdamlıların, Azərbaycanın faciəsidir.... Hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış bərli–bərəkətli torpaqlarımız, ata–babalarımızın uyuduqları məzarlıqlarımız tezliklə azad ediləcək. Ağdamın qara günləri bitəcək, adından həmişə qürur, iftixar duyduğumuz şəhərimizin ağ günləri başlayacaq, onun başının üstündəki qara buludlar çəkiləcək.. Torpaqlarımız erməni daşnaklarının işğalından azad olunacaq və şəhid ruhları rahatlıq tapacaq. Xalqımız öz dədə-baba yurduna dönəcək və o xarabalıqlar üzərində daha abad və daha möhtəşəm şəhərlər salınacaq.
Bu gün hər bir Azərbaycan vətəndaşının qarşısında duran ən ümdə vəzifə hər qarış torpağı igid Vətən övladının qanı ilə suvarılan Ağdam, eləcə də digər işğal olunmuş rayonlarımızın tarixi, yerləşdiyi təbii-coğrafi mövqeyi, mədəni və tarixi abidələri, Qarabağ müharibəsində verdiyi şəhidlər və itirdiyi ərazilər, görkəmli şəxsiyyətlər haqqında məlumatları öyrənmək və gənc nəsli də bu ruhda tərbiyə etməkdən ibarətdir. İnformasiya mənbəyi olan kitabxanaların bu istiqamətdə gördüyü işlər də böyük əhəmiyyət kəsb edir.
Indi hamımızın ürəyində bir ağrı var. Ağdam camaatı köçkün vəziyyətində yaşasa da, sabaha inamla baxır. Yaranın ağrısı isti-isti hiss olunur, ancaq illər keçdikcə, yurd həsrəti daha çox qövr edir, qəlbimizi göynədir.
Tədbirin sonunda sərgiyə baxış keçirilib.

Foto Qalereya