2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
21 Fevral , 2020
Fevralın 21-də Bakı Şəhər Mədəniyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Beynəlxalq Ana dili günü münasibəti ilə 170 nömrəli məktəbin şagirdləri ilə “Ana dilim-Əbədi iftixarım” başlıqlı sərgi və tədbir keçirib.
Tədbiri məktəbin direktoru F.Mirzəyev, ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verərək qeyd edib ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Sonra direktor müavini Ü.Aslanova onu da qeyd etdi ki, dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Bu gün həm də ona görə qürurluyuq ki, Himnimiz ana dilimizdə səslənir.
Sonra aparıcılar Beynəlxalq Ana dili gününün və dilimizin tarixi haqqında maraqlı məlumatları və faktları iştirakçıların nəzərinə çatdırıblar, şagirdlərin hazırladıqları şeirlər, səhnəciklər, dilimizlə bağlı mahnılar və rəqs nümunləri nümayiş olunub.
Foto Qalereya