2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
6 Fevral , 2020
Fevralın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Bakıda ermənilərin azərbaycanlılara qarşı soyqırımının 115 illiyi ilə əlaqədar 170 nömrəli məktəbin şagirdləri ilə birlikdə “Erməni vəhşiliyinin qanlı təzahürü” adlı söhbət keçirib.

Abonement bölməsinin müdiri S.Əliyeva ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərindən danışaraq qeyd edib ki, 1905-1906-cı illərdə Bakıda başlanan qırğınlar İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə davam etmiş, erməni separatçıları tərəfindən kütləvi şəkildə azərbaycanlılara divan tutulmuş, şəhər və kəndlər yandırılmış, uşaqlar, qocalar, qadınlar xüsusi qəddarlıq və vəhşiliklə öldürülmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulmuşdur. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış, bununla da, Azərbaycanda həqarətli qaçqınçılıq ənənəsinin əsası qoyulmuşdur. Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə "Bakı şəhərində qanlı qətliam" kimi daxil olmuşdur. Həmin günlərdə mal və əmlaka, mülklərə dəyən zərər milyonları keçmişdi. Bakı hadisələri haqqında qubernator knyaz M.A.Nakaşidze tərəfindən Qafqaz canişini və Rusiya Daxili İşlər Nazirliyi üçün hazırlanan geniş məruzədə qırğın zamanı 231 nəfərin öldüyü, 179 nəfərin yaralandığı göstərilir. Məruzədə o da qeyd olunur ki, itki göstəriləndən daha çoxdur.
Sonra tarix müəllimi S.Hüseynova əlavə etdi ki, ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər.
6-10 fevral Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşlar.
Dünyada sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması, hər cür zorakılığın qarşısının alınması arzusu bütün zamanlarda bəşəriyyəti düşündürüb. Lakin təəssüflər olsun ki, beynəlxalq aləmin bu məsələlərə yanaşmaları çox zaman birtərəfli olub.
Xalqımız gələcək nəsillər üçün daha gözəl bir dünya qurmaqdan ötrü tərəqqipərvər bəşəriyyəti haqqı, ədaləti təmin etməyə, zalımları öz cəzalarına çatdırmağa çağırır.

Foto Qalereya