2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
26 Fevral , 2020
Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 №-li kitabxana filialı Xocalı soyqırımı ilə əlaqədar 170 nömrəli məktəbin şagirdləri ilə “Dərddən daşlaşan ana” başlıqlı sərgi və tədbir keçirib.

Tədbiri şöbə müdiri E.Məmmədova açaraq şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1992-ci ildə 25-dən 26 fevrala keçən gecə bəşəriyyətin tarixində ən qanlı səhifələrdən biri yazıldı, erməni terrorçuları tərəfindən Xocalı soyqırımı törədildi. Qarabağ savaşlarında faciələrimizin ən ağrılısı, acılısı kimi yaddaşlara yazıldı. O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. 28 il öncə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən bir millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Amma bu faciədən 28 il ötməsinə baxmayaraq elə bil bu gün törədilmiş təzə bir acıdır, hər bir azərbaycanlının qəlbini sızladır. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır, eyni zamanda, insanlığa qarşı törədilmiş böyük bir cinayətdir, vəhşilikdir.
Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur.
Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Sonra söz aparıcılara və tədbir iştirakçılarına verilib, şeir söylənilib, Vətən, Şəhidlər haqqında kəlamlar deyilib, sərgiyə baxış keçirilib.

Foto Qalereya