1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
22 Aprel , 2016
Bu gün Salyan rayon Heydər Əliyev Mərkəzində fəailiyyət göstərən Elektron kitabxanada yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq məqsədilə oxucular arsaında Hüseyn Cavidin “Ana” mənzum dramının müzakirəsi keçirildi. İlk öncə ömrünün 44 ilini kitabxana sahəsinə həsr etmiş, qabaqcıl kadrlardan olan kitabxananın müdri Ağalarova Yasəmən oxuculara mütaliənin keyfiyyətlərindən söz açaraq, yaşadığımız dövr müasir texnologiyalar dövrü olduğundan insanların kitabdan uzaq düşdüklərini nəzərə çatdırmışdır. Çıxışında xüsusilə qeyd etmişdir ki, unutmaq olmaz kitab hər zaman insanların dostu olub, çox bilikləri biz onlardan öyrənmişik. İstər bədii, istərsə də elmi ədəbiyyat olsun, oxuduğumuz hər bir kitab bizim üçün elm, inkişaf, məlumat, dünyagörüşümüzün formalaşmasının mənbəyidir. Tam orta məktəb səviyyəsində aldığımız biliklərə məhz kitablar vasitəsilə nail oluruq. Və daha sonra biz fiziki olaraq böyüdükcə düşüncələrimiz, həyata və cəmiyyətə baxışlarımız da böyüyür. Daha sonra əsər haqqında oxuculara qısa məlumat verərək, bildirildi ki, “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib. "Ana" dramında Hüseyn Cavid türk qadınının mərdanə hərəkətini əks etdirməyə çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da "Qonaq Allah qonağıdır", "Qonağa zaval yoxdur" düşüncəsində bulunaraq dözümlük ve mətanət göstərir;- "amandasan"- deyərək verdiyi sözün arxasında durduğunu nümayiş etdirir. Əsər faciəvi bir sonluqla bitsə də Səlma ananın möhtəşəm obrazı milli xarakterik xüsusiyyətləri ilə yaddaşlarda dərin iz salır. Diskusiya şəklində davam edən kitab müzakirəsi sonda oxuclara bir daha aşılandı ki, kitaba olan etinasızlıq bizi real aləmdən də uzaqlaşdırmış olur, məhz bu zərurətdən irəli gələrək gəlin kitab oxumağa marağı artıraq.