1 saylı şəhər kitabxana filialı (Gənclər kitabxanası)

1 saylı şəhər kitabxana filialı
Tədbirlər
25 Avqust , 2016
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi "Açıq kitabxana" layihəsi bölgələrdə geniş maraq doğurmaqdadır. Məlum olduğu kimi, iyulun 15-də Milli Kitabxanada layihənin təqdimatı keçiriləndən sonra şəhər və rayonlarda kitabxanalar da bu təşəbbüsə qoşulublar. Layihənin əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə kitabxanalar yay mövsümü başlayandan istirahət məkanlarında, müxtəlif müəssisələrdə səyyar kitabxana xidməti, mütaliə saatları təşkil edirlər. 
Avqustun 25-də "Açıq kitabxana" layihəsi çərçivəsində Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)-də şəhərin mərkəzindəki Heydər Əliyev Parkında kitabsevərlər üçün tədbir keçirib. "Açıq kitabxana" adlanan layihəyə əsasən kitabxanadakı müxtəlif mövzulu nəşrlər parkın ərazisində sərgilənib. Böyük maraqla qarşılanan tədbirdə "Azərbaycan tarixi", "Uşaq ədəbiyyatı", "Yeni kitablar", "Ulu öndər Heydər Əliyev", "Salyan yazarları", "Şəhidlər ölməz, vətən bölünməz" tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olunub. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. 
Rayonda ilk dəfə olaraq keçirilən bu tədbir parkda istirahət edən ziyalılarının və ağsaqqalların, böyük marağına səbəb olub. Onlar keçirilən tədbir barədə fikirlərini bildirərək vurğulayıblar ki, "Mütaliə hər bir insanın həyatında önəmli yer tutur, onun dünyagörüşünün formalaşmasında, peşə vərdişlərinin əldə olunmasında böyük rol oynayır. Bu baxımdan tədbir olduqca maraqlıdır. Tədbirdə iştirak edən Mərkəzi kitabxananın müdiri Günaydın Əhədova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinə və oxucu sayının artmasına stimul verən, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Tədbir zamanı kitabxanaya xeyli sayda yeni oxucular da üzv yazılıb. Oxucuların geniş marağına səbəb olan "Açıq kitabxana" layihəsi çərçivəsində tədbirlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.