2 saylı Sahil qəsəbə kitabxana filialı

2 saylı Sahil qəsəbə kitabxana filialı
Xəbərlər
16 İyul , 2019
   Rasim Həsən oğlu Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. 1958-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) memarlıq şöbəsini bitirmişdir. Görkəmli memar Mikayıl Hüseynovun tələbəsi olmuşdur. 1958-1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda və Azərbaycan Milli EA Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərmişdir. 1965-1974-cü illərdə Bakı şəhəri Baş memarının birinci müavini kimi çalışmış, 1974-1988-ci illərdə Bakı şəhərinin Baş memarı olmuşdur. 1980-1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi işləmişdir. Bakının və respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisi, o cümlədən Bakı şəhərinin Baş planı, İçərişəhərin regenerasiya planı layihələrinin müəllifidir. Bakıda yaşayış binaları, Respublika Nazirlər Kabinetinin qonaq evi, “Həzi Aslanov” və “Xalqlar dostluğu” metrostansiyaları (müştərək layihə), Xırdalan mədəniyyət sarayı, Quba şəhərinin mərkəzi meydanı və burada tikilmiş 600 yerlik mədəniyyət sarayı və s., Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (mərmər, qranit, 1996; heykəl-fiqurun müəllifi Ö.Eldarovdur), Bakıda bir sıra xatirə abidələrinin (R.Zorge, heykəltəraş V.Siqal) və s. memarlıq layihəsini vermişdir. Heydər Əliyev adına Beynəlxalq hava limanı (müştərək) və Azərbaycanın Türkiyədəki səfirliyi binası layihələrinin müəllifidir. Bakının 8-ci, 9-cu mikrorayonlarının, Əhmədli qəsəbəsinin, Kiyev, Yeni Günəşli yaşayış massivlərinin salınması da Rasim Əliyevin adı ilə bağlıdır. 1979-cu ildə Azərbaycan Respublikasının “Əməkdar memar” fəxri adına layiq görülmüşdür. 1992-ci ildən Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (Bakı) həqiqi üzvü, 1994-cü ildən Rusiya Memarlıq Akademiyasının fəxri üzvüdür. “Qırmızı Əmək Bayrağı” ordeni ilə, 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə “Şərəf”, 2014-cü il 16 iyul tarixində isə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Rasim Əliyev Azərbaycan Respublikası Dövlət mükafatı, Hüseyn Cavid adına və bir sıra mükafatların laureatıdır. 2006-cı ildə Rasim Əliyevə həsr edilmiş “Memar” filmi çəkilmişdir. 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində memarın 80 illik yubileyi şərəfinə tədbir keçirilmişdir. Tədbirdə görkəmli memarın rəsm əsərlərinin sərgisi də nümayiş etdirilmişdir. 2017-ci ildə istedadlı memar, fırça ustası, şəhərsalma prosesinin təşkilatçısı R.Əliyevin Azərbaycan, rus və ingilis dillərində “Xatirələr” kitabı çap olunmuşdur.