MKS-nin 11 saylı kitabxana filialı

MKS-nin 11 saylı kitabxana filialı
Tədbirlər
26 Fevral , 2019
Xocalı soyqırımı günü ilə əlaqədar Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında “Xocalı harayı” başlığı altında ədəbi-bədii kompozisiya təqdim olundu.
Tədbiri filialın müdiri Esmira Həsənova açdı. Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Esmira Həsənova bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Şəbnəm Rzayeva öz çıxışında Xocalı faciəsini törədən erməni vəhşiliklərindən danışdı. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Diyarşünaslıq Mərkəzinin direktoru Pərvin Nəzərəliyeva da çıxış edərək bildirdi ki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. 
Tədbirdə İsmət Qayıbov adına 1 saylı tam orta məkəbin və 25 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə vətənə, vətənpərvərliyə, qəhrəmanlığa dair şeirlər söylənildi, “Xocalı harayı” başlığı altında ədəbi-bədii kompozisiya təqdim olundu.
Tədbirin sonunda tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən “XX Əsrin faciəsi” başlıqlı kitab sərgisi və foto stendlə tanış oldular.